Cəlilabadda da hesabat yığıncağı keçirildi - Fotolar

celilabadda-da-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 638

Cəlilabadda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, deputalar - Malik Həsənov, Elman Nəsirov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Cəlilabad RİH başçısı Rafiq Cəlilov tədbirdə geniş məruzə ilə çıxış edərək, 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub.

Bu inkişaf Cəlilabad rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb.

İclasda millət vəkili Elman Nəsirov, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edib. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.  

Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.