“Qarabağ” Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda “Sabah”a 1:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Sabah”ı təbrik edirəm. Öz futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. İnanıram ki, hər bir azarkeş oyundan zövq aldı.
- Penalti epizodu ilə bağlı fikrinizi bilmək istəyirdim. Penalti necə olur?
- Bilmirəm, necə olur. Mənim fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini yaxından da, uzaqdan da görmək olurdu. Açıq əl idi. Amma Rəhim Həsənov yəqin açıqlama verəcək. Düzdür, son saniyədə belə epizodun olması mübahisələrə gətirib çıxarır. Bəzən mən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salır, qətiyyən yox. “Sabah” haqq etdi və qələbəni qazandı. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Daha 30 dəqiqə oynamaq üçün əlavə güc lazım idi. Amma mən epizodu penalti kimi gördüm. Olan şeylərdir.
- Son oyunlarınızda VAR-a, ümumiyyətlə, baxılmır. Sizcə, niyə belədir?
- Baxılsa… Nə bilim. Çox olur belə epizodlar. Baxılsa, yəqin hansısa problemlər olar. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Çünki boşuna çağırmayıblar. Bilmirəm, hakimlik məndən uzaq sahədir. Yəqin açıqlama verəcəklər. VAR sistemi fərqli qurumdur.
- Oyundan sonra baş verənlər illər əvvəlki “Neftçi” – “Xəzər Lənkəran” finalını xatırlatdı. Yaxşı oyun olduğunu dediniz. Matçdan sonra baş verənləri necə şərh edərdiniz?
- Sadəcə futbolçularla hakimlər arasında gərginlik oldu.
- Paltardəyişmə otağının qapısına qədər dava-dalaş idi…
- Onu görmədim. Səs-küy var idi. Amma kiminsə kimisə vurduğunu görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir, intriqanı artırır. Nadir hallarda belə anlar olur. Bu, futbolun silinməyən tərəflərindəndir. Çempionlar Liqasının finalında, dünya çempionatında da bəzən belə şeylər görürük.
- “Zirə” – “Neftçi”, “Turan Tovuz” – “Zirə” matçlarından sonrada oyundan çox kənar məsələlər müzakirə olundu. “Qarabağ”ın baş məşqçisi kimi yox, bir azarkeş kimi ölkə futbolunda baş verənlər sizi narahat edir?
- İntriqalara baxsaq, hakimlərin qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmirlər özlərini necə idarə etsinlər. Bəzən epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Hərəsi bir cür fikir bildirəcək. Pis çıxmasın, hakimlərin durumuna yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Həyəcan olan yerdə səhv də olacaq. Məncə, bu ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Çempionlar Liqasındakı son oyunumuzdan sonra bunu axtarırdım. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yaxşı olar, yeni mövsümdə daha diqqətli olarlar. Hər biri özümüzünküdür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Biz məşqçilər, komandalar onların yanındayıq. Sadəcə basqı onları səhvlərə aparır. Bir mütəxəssis kimi görürəm ki, səhvlər çoxdur.
- Demək olar, mövsümü titulsuz başa vuracaqsınız. Toparlanmaq çətin olmayacaq?
- Dünya futbolunda da belə hallar gözləniləndir. Mən “Qarabağ”da olanda bir il avrokuboklara getmədik. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Ümumiyyətlə, Çempionlar Liqası bizi çox yordu. Belə deyək, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxsaq, çoxunda eyni situasiyadır. Məsələn, “Liverpul” keçən il əvvəl birnəfəsə çempion olmuşdu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə həyəcan, psixoloji yorğunluq daha artır. Dünya futbolunda belə praktikalar çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Fikrimcə, Çempionlar Liqasına yönəltmişdik. Ser Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Arada bir il çempion olmadıq. Məsuliyyətimizi başa düşürük. Futbolçular insandır, robot deyillər. Ciddi bir narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çatışmazlıqlar olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir.
- “Nyukasl”la oyunda 90 dəqiqəni yaxşı keçirən Bədavi Hüseynov həmin matçdan sonra demək olar, oynamadı. Bunun səbəbi var?
- Səbəb var. Bədavi təcrübəli oyunçudur. İstəyirəm ki, Mateus Silva daha da bərk stoper olsun, o mövqedə təcrübəsi artsın. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İstənilən an onu meydana buraxa bilərik. İndi oynamamasının səbəbləri özümüzdə qalsın.
- Mövsümün əvvəlində tempin aşağı olmasına görə narahat idiniz. Azərbaycan futbolunda istədiyiniz temp bugünkü idi?
- Bugünkü oyunun tempini yaxşı edən həm də, baş hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Onun üstün cəhəti odur ki, hər epizoda, qışqırığa fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində istənilən mövqedə çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu. Legioner limiti götürüləndən sonra hər rəqib güclənib. “Sabah”la bütün oyunlarda temp yüksək olub.
- Mateuş Koxalskinin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı nə qədərdir?
- Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi var. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq.
- Mateuş Koxalskiyə verilən qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsünüz?
- Siz necə düşünürsünüz? Epizoda baxdım. Yəqin, məni hamı, həm qarşı tərəf, həm sizlər səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu sənə, sənin hakimliyinə yaraşmayan “qırmızı” idi. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Yenə də Rəhim Həsənovu gözləyək.
-Sizin fikrinizcə, maksimum sarı vərəqə idi?
- Qırmızı vərəqə yox idi. “Sarı” versə, daha ədalətli olardı. Eybi yoxdur. Biz məşqçilər də səhvlər edə-edə böyümüşük. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Ondan sonra nə qədər fayda verdi. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun.
- Həqiqətənmi hakimlərimizin potensialı bu qədər səhvləri edəcək qədər aşağıdadır?
- Hakimlərimizin potensialı çoxdur. Üzülürəm ki, potensiallı hakimlərimiz belə texniki səhvlər edirlər. Bu il sanki hakimlər üçün kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Oxşar epizodlarda fərqli fikirlər olur. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər. Pozitiv yanaşaq yenə də.