Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Dövlət başçısı televiziya ilə müraciətində hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib.
O, bir daha hərbi vəziyyət elan etməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol bundan əvvəl Şimali Koreya tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiq edildiyini açıqlamışdı.
Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.
Daha sonra Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır. Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub.