Çində 3-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

cinde-3-11-yasli-usaqlar-koronavirusa-qarsi-peyvend-olunacaq
Oxunma sayı: 867

Çinin bir neçə əyalətində 3-11 yaş aralığında uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılacaq.

“Qafqazinfo” “Global Times” qəzetinə istinadən xəbər verir ki, Hubei, Hunan, Hainan, Ciciang əyalətlərinin səhiyyə qurumları 3 yaşdan başlayaraq 11 yaşa qədər olan uşaqları COVID-19-a qarşı peyvənd edəcəklərini açıqlayıblar. 

Bununla yanaşı, ölkənin şərqindəki Fucien və Anhui əyalətləri də yaxın günlərdə 3-11 yaş qrupuna aid uşaqları peyvənd etməyə başlayacaq. 

Məlumata əsasən, uşaqlara ən azı üç həftə ara ilə Çinin “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsal etdiyi vaksinlərin iki dozası vurulacaq. 

Çində bu günə qədər 12 yaş və ondan yuxarı uşaqların peyvənd olunmasına icazə verilirdi.

Rəsmi məlumatlara görə, Çində əhalinin 76%-i koronavirusa qarşı peyvənd olunub. Ötən sutka ərzində ölkədə koronavirusa 59 yeni yoluxma faktı qeydə alınıb.