“Delimitasiyanı gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq”

delimitasiyani-gozleyib-sonra-sulh-razilasmasi-imzalasaq-bize-daha-30-il-vaxt-lazim-olacaq
Oxunma sayı: 1172

“Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Dövlət başçısı qeyd edib ki, delimitasiya və sülh razılaşması iki ayrı məsələdir: “Düşünürəm ki, onları birləşdirmək və bir-birindən asılı etmək yanlış olar. Bunun çox sadə bir səbəbi var. Bizim Ermənistanla sərhədimiz təxminən min kilometrdir, ola bilsin daha çox və ya daha az. Bu sərhədin böyük hissəsi 30 ildən çox işğal altında olub - Kəlbəcərdən, Murovdağdan Araz çayına qədər təxminən 500 kilometrdir. Sovet dövründə, hətta bizim inzibati sərhədlərimiz olanda Ermənistan Sovet Respublikası ilə Azərbaycan Sovet Respublikası arasında inzibati sərhədin bir hissəsi müəyyən olunmamışdı. Sərhədin böyük hissəsində məskunlaşma tamamilə olmayıb, dağların hündürlüyü 3500 metrdir, ilin 9 ayı qarla örtülü olur. Bu, həqiqətən də çox mürəkkəb relyefdir. Praktiki nöqteyi-nəzərdən qısa müddətdə bu sərhədin delimitasiyası mümkün deyil.

Regional məsələlərin digər iki nümunəsi. İki dost ölkə olan Azərbaycan və Gürcüstan, həmçinin iki dost ölkə olan Ermənistanla Gürcüstan 30 ildən çox müddətdə öz sərhədlərinin delimitasiyasını apara bilməyib. Qeyd etdiyim kimi, ona görə yox ki, bizim problemlərimiz var, - həm Ermənistanın, həm də Azərbaycanın Gürcüstanla dost münasibətləri var, - ona görə ki, bu, mürəkkəb məsələdir. Bizim Gürcüstanla sərhədimiz, yəni, sərhədin razılaşdırılmış hissələri cəmi 70 faiz təşkil edir. Bu, ləng gedən prosesdir, bu proses yüksək dəqiqlik tələb edir. Ona görə də biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq. Bizim təklifimiz bu iki məsələni ayırmaqdan ibarətdir. Bunu deyərkən kiminsə bizim mövqeyimizi yanlış şərh etməsini və ya, necə deyərlər, fərziyyələr irəli sürməsini istəmirəm. Azərbaycan və Ermənistan 2022-ci il oktyabr Bəyanatı ilə bağlı razılığa gələndə bu, açıq-aşkar onu göstərdi ki, bizim əlaqələrimiz yaxşı məlum olan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.

İkincisi, biz dedik ki, Ermənistana qarşı ərazi iddialarımız yoxdur, əgər onların Azərbaycana qarşı ərazi iddiaları olmasa. Biz Ermənistana nümayiş etdirdik ki, əgər onlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, bizim Ermənistana qarşı ərazi iddialarımız olacaq. Bunun nəticəsi necə olacaq, düşünürəm ki, hər kəs başa düşür. Onlar Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə aradan qaldırandan və Qarabağı ölkəmizin tərkib hissəsi kimi tanıyandan sonra əlbəttə ki, bizim tərəfimizdən Ermənistana qarşı heç bir ərazi iddiası olmayacaq. Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır”.