Avqustun 19-u səhər saatlarında İtaliyanın Siciliya sahillərində içərisində 22 nəfərin olduğu “Bayesian” adlı yelkənli gəmi batıb.
“Qafqazinfo” Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində britaniyalı texnologiya sahibkarı Maykl Linç və 18 yaşlı qızı Hannah Linç itkin düşüb.
“The Sun” nəşrinin məlumatına görə, Palermo şəhəri yaxınlığında, 56 metr uzunluğunda olan gəmi fırtınaya düşüb. 22 nəfərdən 15 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin tapıldığı bildirilir. Xəbərdə deyilir ki, cəsədi tapılan şəxs ölən ekipaj üzvü olub.
Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares də olub. İtkin düşənlərdən birinin yaxtanın aşpazı Rikardo Tomas olduğu deyilir.

Yaxınlıqdakı qayığın kapitanı Karsten Bornerin sözlərinə görə, onun ekipajı bəzi sağ qalanları, o cümlədən ağır yaralanan üç nəfəri gəmiyə götürməyi bacarıb.
Hadisə şahidlərindən biri deyir: “Gəminin hər tərəfi işıqlı idi. Səhər saat 4.30 radələrində işıq yox oldu. Ziyafətin olduğu gözəl bir gəmi. Dənizdə keçən şən tətil faciəyə çevrildi”.
Məlumata görə, axtarışlara helikopterlər də cəlb olunub. Batmış gəmi sahildən 800 metr məsafədə, təxminən 50 metr dərinlikdə yerləşir.
2008-ci ildə İtaliya şirkəti tərəfindən hazırlanan gəmi 2009-cu ildə eksteryer dizaynına görə mükafat qazanıb.
Qeyd edək ki, Maykl Linç “Autonomyt” exnologiya şirkətinin təsisçilərindən biridir.
Fotoda Maykl Linç və həyat yoldaşı Ancela Bakares
.png)





Son xəbərlər
Son Xəbərlər