Dənizkənarı Milli Park Niderlandda Ümumdünya Şəhər Parkları mükafatına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərinin əvəzsiz incilərindən olan, maddi mədəniyyətimizin həm tarixi, həm də müasir simasını əks etdirən Dənizkənarı Milli Park unikal təbii kompleks kimi dünyada bu sahə üzrə ən mötəbər mükafatlardan olan “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatının qalibi elan edilib.
Şəhərlərdə parkların idarə edilməsi və dayanıqlı inkişafı, şəhər mühitinin yaşıllaşdırılması və təbiətinin mühafizəsi sahəsində nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Ümumdünya Şəhər Parkları Təşkilatı (World Urban Parks Organization) tərəfindən təsis edilən mükafatın qalibləri şəhər parklarının idarə olunmasının keyfiyyəti, səmərəliliyi və dayanıqlılığı, sosial, iqtisadi, ekoloji əhəmiyyəti və s. meyarlar əsasında keçirilən müsabiqə əsasında müəyyən edilir. Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, saxlanması və qorunması sahələrində xüsusi göstəricilərinə görə ən yüksək nəticəni göstərməklə mükafatın qalibi adına layiq görülüb.
Mükafat Dənizkənarı Bulvar İdarəsinin nümayəndə heyətinə 23-26 sentyabr tarixlərində Niderland Krallığının Utrext şəhərində keçirilən “Future Green City Congress” beynəlxalq konfransında təqdim olunub.
İqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı COP29 kimi mötəbər tədbirə ev sahibliyi ərəfəsində Dənizkənarı Milli Parkın ekoloji sağlam mühitinin və effektiv idarə edilməsinin beynəlxalq səviyyədə qiymətləndirilməsi onun estetik gözəlliyi, şəhər mədəniyyətində oynadığı rol, davamlılıq prinsiplərinə sadiqliyi ilə yanaşı, həm də parkın beynəlxalq miqyasda daha çox tanınmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, ötən illərdə mükafata layiq görülmüş parklar sırasında Kanadanın Ruj Milli Şəhər Parkı, Yeni Zellandiyanın Oklend Botanika Bağları, Dubay Safari Parkı kimi parklar yer alıb.