Deputatlığa namizəd Babək Hüseynov ucqar kənd sakinləri ilə görüşüb - Foto

deputatliga-namized-babek-huseynov-ucqar-kend-sakinleri-ile-gorusub
Oxunma sayı: 3169

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Hüseynov Babək Meyxos oğlu çətin hava şəraitinə baxmayaraq təbliğat-təşviqat kampaniyasını rayonun ən ucqar dağ kəndlərində belə tam gücü ilə davam etdirir. “Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Hüseynov yanvarın 22-də rayonun Livədirgə, Nodə, Nüvədi kəndlərində seçiciləri ilə növbəti görüşlər keçirib.

Kənd camaatı önündə çıxış edən Babək Hüseynov növbədənkənar parlament seçkilərini, Azərbaycanda aparılan islahatların növbəti və daha mühüm mərhələsi kimi qəbul etdiyini, yeni deputat korpusu ilə qanunverici hakimiyyətin, dövlətin qarşıya qoyduğu tapşırıqları həyata keçirməsi üçün faydalı iş əmsalını artıracağını qeyd edib. O bildirib ki, parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha sürətlə və intensiv şəkildə həyata keçirilməsinin bariz nümunəsidir:

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft sektorundan asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, Azərbaycan xalqının firavan yaşamasının sübutudur”.

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dost mərkəzlərindən söhbət açan deputatlığa namizəd B.Hüseynov qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılmasıdır. O bildirib ki, qələbə qazanacağı təqdirdə bu mərkəzlərin Lerik rayonunda da fəaliyyətə başlaması məsələsini aidiyyatı qurumlar qarşısında qaldıracaq. Kənd camaatı Babək Hüseynovun seçki platformasını rəğbətlə qarşılayıb, ona dəstək olduqlarını bildiriblər.