Bu gün dünyada detektiv kimi maraqlı, çətin bir peşə var və insanlar öz maraqları naminə, narahatlıqlarını aradan qaldırmaq üçün bu sahədən yararlanırlar. Bizdə detektiv deyildikdə ilk növbədə bədii əsərlər, xüsusi janr yada düşür. Biz bu peşəni həyatımızda canlı insanların timsalında yox, yalnız əsərlərdəki obrazlar hesabına tanımışıq. Dünya şöhrətli Çingiz Abdullayev kimi detektiv janrında yazıçımız olsa da, real həyatımızda detektiv peşəsinin məşhur simaları yoxdur. Axı nəyə görə dünya standartları deyə-deyə bizə yad olan xüsusiyyətləri mənimsəməyə tələsirik, vaxtilə xor baxdığımız məsələlərə getdikcə doğmalaşırıq, amma detektiv xidmətindən məhrumuq? Bu sualın izi ilə gedək.
İlk detektiv xidməti göstərən agentlik 1834-cü ildə Fransada meydana gəlib. Bu xidmətin yaranmasında məqsəd xüsusi adamlar tərəfindən pullu, nüfuzlu adamların “mənəvi” mühafizəsini təmin etmək olub. Başqa sözlə, sahibkarlar ətrafında olan insanların etibarını sınaqdan çıxarmaq, onlara inanması üçün detektivlərin köməyindən istifadə ediblər. Tədricən bütün Avropaya, Amerika qitəsinə yayılan bu sənət daha geniş miqyaslı problemlərin həllinə çalışıb. Müxtəlif cinayət hadisələrində qaranlıq məqamları aşkara çıxarıb, itkin düşmüş insanların tapılmasında rol oynayıb. Elə bu günün özündə də dünyanın aparıcı detektiv agentliklərinin əsas missiyası budur. ABŞ-ın “Biz həmişə oyağıq” adlı agentliyi dünyanın nüfuzlu şirkətlərindən biridir. Ötən əsrin ortalarında yaranan şirkətin ABŞ-la yanaşı qonşu ölkələrdə də detektiv şəbəkələri var.
Detektiv fəaliyyəti ilə məşğul olan insanların işi müəyyən qanunla tənzimlənməlidir. Aparıcı Qərb ölkələrində, qonşu Rusiya, Türkiyədə yüksək səviyyədə məktəblər və agentliklər işləyir. Xüsusi akademiyalarda peşəkar detektivlər hazırlanır.
Detektiv peşəsinin icraçıları əsasən hüquqşünaslar, hüquq-mühafizə orqanlarının işçiləri olur. Hər insan bu sahəni mənimsəyə və onu icra etməyə qadir deyil. Ən əvvəl həmin insanda araşdırmaya maraq olmalı, istənilən obyektin gizli məqamlarını açmağı hədəfləməlidir. Üstün zəkayla hadisələri müşahidə etmək və onları təhlil etmək qabiliyyətinə malik olmalıdır. Detektivin işində səbir, gözüaçıq və tədbirli olmaq kimi xüsusiyyətlər xüsusi rol oynayır . İnsanlarla hər vəziyyətə görə davranma metodlarını tətbiq etməlidir. Bir sözlə, bu peşə kifayət qədər məsuliyyətli, çətindir.
“Detektiv peşəsinə ər, arvad xəyanətini aşkara çıxaran kimi baxmaq tərbiyəsizlikdir”
Bir vaxtlar Azərbaycanın bir qrup hüquq müdafiəçisi ölkədə detektiv peşəsinin inkişaf etdirilməsi və onun qanunla tənzimlənməsi yönümündə layihələr hazırlamışdılar. Təəssüf ki, maraqlı və vacib sayılan bu layihələr Milli Məclis tərəfindən təsdiqini tapmadı. Layihələrin hazırlanmasında rol oynayan şəxslərdən biri də “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevdir. Əlövsət müəllimin fikrincə, detektivlərin köməyindən hər ölkədə olduğu kimi bizdə də istifadə olunmalıdır. “Biz bir neçə il əvvəl məsələylə bağlı səsimizi çıxardıq, hətta böyük bir qanun layihəsi hazırladıq. Lakin Milli Məclis həmin qanunun bir hissəsini müvafiq hesab etdi, detektiv fəaliyyəti əvəzinə, özəl mühafizə xidməti haqqında qanunu müzakirə obyektinə çevirdi. “Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında” Qanun(2007) qüvvəyə minsə də, bizim arzuladığımız məsələ həyata keçirilməyib. Bu gün də çoxu guya detektivlərə ehtiyacın, sosial sifarişin olmadığını bildirir. Bəziləri isə deyir ki, bu sahə qanunla tənzimlənərsə, ailə-məişət zəminindəki xəyanətlərin üstü açılacaq, bu da yeni problemlər yaradacaq. Halbuki, detektivin işi insanların izlənməsindən çox, cinayətlərin açılmasına yardım göstərməyə, itkin düşmüşləri tapmağa yönəlir. Bu peşəyə yalnız qadın, kişi xəyanətini aşkara çıxaran sahə kimi baxmaq özü də tərbiyəsizlikdir. Hazırda bir neçə hüquq xidməti göstərən şirkət detektiv fəaliyyəti ilə də məşğul olur. Yalnız bu iş müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Bizim mərkəzə də tez-tez itkin düşmüşlərin yaxınlarının müraciətləri olur. Biz də bacardığımız qədər yardımımızı göstəririk. Amma yenə də yaxın gələcəkdə detektiv fəaliyyətinin qanunla tənzimlənməsini gözləyirik. Çünki bu sahəni icra edəcək kifayət qədər təcrübəli insanlarımız var. Bu insanlar fəaliyyətə keçsə, hüquq-mühafizə orqanlarının da üzərinə düşən yük xeyli azalmış olar. Polis orqanlarına olunan müraciətlər sona qədər təmin olunar, şikayət ərizələri bir kənara atılmaz, insanların narazılıqları aradan qalxar”.
“Detektivlərə yol verilsə, polisimiz nüfuzdan düşəcək”
Detektiv sənətini vacib, ictimaiyyət üçün yararlı peşə hesab edənlər arasında sabiq polis işçiləri də çoxluq təşkil edir.
Sabiq polis rəisi, “Elmi-praktik Hüquq Mərkəzi”nin eksperti Mahmud Hacıyev bu günə kimi bu sahənin ləngidilməsinə təəccüb etdiyini deyir. Mahmud müəllimin fikrincə, məsələdə bu fəaliyyətə mane olan qüvvələrin maraqları daha çox rol oynayır. “Hazırda MDB məkanında, eləcə də Qərb dövlətlərində vacib sahə kimi inkişaf etdirilən detektivlik yerli polis orqanlarının köməkçisidir. Bizdə isə bir neçə il əvvəl bir qrup peşəkar hüquqşünaslar qeyri-hökumət təşkilatı qismində Ədliyyə Nazirliyində qeydiyyata alınmaq istədilər. Nazirlik detektiv xidməti göstərməyin qadağan olunduğunu bəhanə edib, müraciətləri rədd etdi. Bütün bu maneələrə baxmayaraq, indi bir neçə özəl mühafizəni həyata keçirən şirkətlər fəaliyyətdədir. Əslində o qədər açılmayan cinayətlərimiz, itkin düşən insanımız var ki, onların aşkara çıxmasında detektivlərin köməyi lazımdır. Polis-mühafizə orqanlarımızın cinayət-axtarış şöbələri zəif işləyir, itkin düşmüş insanların axtarılmasına zamanını sərf etmir. Xüsusən, naməlum meyitlərin aşkarlanmasında təşəbbüs göstərilmir. Amma bunun əvəzində vaxtiylə polisdə çalışmış, yüksək potensiallı mütəxəssislərimiz, hüquqşünaslarımız var. Onlarsa, işləmək üçün fürsət, şərait axtarırlar. Detektiv fəaliyyəti qanunla tənzimlənməsi məhz birinciləri narahat edir. Əgər detektivlərə yol verilsə, sabiq polislər, peşəkar hüquqşünaslar bir yerə cəmləşəcək və böyük işlər görəcəklər. Qatı açılmamış cinayətlərin qaranlıq məqamları açılacaq, itkin düşmüşlərin ipucları tapılacaq. Nəticədə bu da hazırkı polisin imicini zədələyəcək, onun nüfuzuna xələl gətirəcək. Bu səbəbdən də yaxın gələcəkdə açıq şəkildə detektiv xidmətinin göstərilməsini gözləməyə dəyməz. Yerli hüquq-mühafizə orqanları bir ağızdan “kifayət qədər əməliyyat qruplarımız var” deyir. Milli Məclisdə bu məsələylə bağlı qanuna baxanlar arasında isə mütəxəssislər yoxdur. Məhz bu boşluğun olması vacib qərar və qanunların həyata keçirilməsinə mane olur. Orada oturan deputatların bir qismi də öz varidatlarını qorumaq, aşkara çıxarmamaq üçün detektiv fəaliyyətinə qarşı çıxırlar. Yaxud, guya detektivlərin ailə münasibətlərinə zərər vuracağını bəhanə gətirirlər. Halbuki, müvafiq qanun qəbul edildikdə orada “detektiv ailə münasibətlərinə müdaxilə etməməlidir”, “şəxsi münasibətlərin aşkarlanması qadağandır” kimi maddələr əlavə oluna bilərdi. Bir də illərini işinə vermiş peşəkar insanlar heç vaxt belə ucuz sifarişləri qəbul etməz və daha vacib araşdırmalarla məşğul olmağı üstün tutarlar.”
Azərbaycan “detektiv”ləri gizli fəaliyyət göstərir
Əgər internet aləminə nəzər yetirsək, orada detektiv elanları ilə rastlaşmaq olar. Xüsusən, “təcili detektiv axtarıram”, “detektiv lazımdır” xəbərləri , “detektiv xidməti təklif edirəm” elanlarından çoxdur. Deməli, insanlar bir çox vəziyyətdə bu sahənin yardımına ehtiyac duyurlar. Sonuncular elanda əlaqə telefonunu yerləşdirsə də, adlarını məxfi saxlamağa çalışıblar. Çünki Azərbaycanda detektiv fəaliyyəti haqqında qanunun olmaması bu işin icraçılarının gizli şəkildə, pərakəndə, peşəkar və ya qeyri-peşəkar işləməsinə səbəb olur. Detektiv xidməti təklif edən Azər adlı şəxs vaxtiylə hüquq-mühafizə orqanlarında çalışdığını deyir. Amma hazırda işsiz olduğunu və özünün təcrübəsinə güvəndiyi üçün gizli də olsa bu sahə ilə məşğul olduğunu deyir. Müsahibim suallardan qaçsa da, ucundan-qulağından məlumat verir. “Müştərilərim az da olsa çıxır, amma hər məsələnin məsuliyyətini boynuma almıram. İtkin düşmüşün tapılmasını və ya yaxınının izlənilməsini tələb edən adamlar çoxluq təşkil edir. Qonorarıma gəlincə, indiki zaman üçün pis məbləğ deyil. Ən çox qorxduğum məqam isə insanlar arasında xəyanətin açılmasına yardım göstərməyimdir.”
Xəyanət demişkən, elə bu gün də qadınların çoxu ailədə həyat yoldaşının onu aldatmasından narahat olur. Çoxu detektiv deyəndə, bu xəyanəti aşkar edən şəxsi başa düşür. Bir ara yerli telekanalların birində də xəyanət məqamlarını araşdıran bir veriliş gedirdi. Əslində bu veriliş Rusiyanın DTV telekanalında gedən “Braçnoye çtivo” verilişinin layihəsindən oğurlanmışdı. Veriliş əsasən ailədə qadın-kişi xəyanətlərini olduğu kimi, səmimi şəkildə ekrana gətirirdi. Rusiyanın teletənqidçılərının qınaq obyektinə çevrilsə də, veriliş baxımlı idi. Bizim “Space” kanalında gedən veriliş isə süni və detektiv işindən kənarda qaldığı üçün çox davam etmədi. Ailələrə pis örnək olduğu və insanların həyatına müdaxilə hesab edildiyi üçün bağlanıldı.
Detektiv fəaliyyəti haqqında qanunun olmaması belə Azərbaycanda gizli peşə sahiblərinin əl-qolunu bağlamır. Bir çox nüfuzlu hüquq firmaları bu məsuliyyəti öz üzərinə götürürlər. Məhdudlaşdırılmış formada olsa belə, müştərilərinin sifarişini yerinə yetirirlər. Gizli çəkilişlər, silah gəzdirmək, sorğu-sualların aparılması kimi qadağalar olduğundan detektivlər bir qədər çətinliklə qarşılaşırlar.
Bununla yanaşı internetdə gizli kameraların yerləşdirilməsi elanları da az deyil. Belə çıxır ki, Azərbaycanda kifayət qədər elmi, texniki baza var, sadəcə müvafiq qanunun olmaması detektiv sənətinin inkişafını ləngidir.
Raminə Eyvazqızı