“Dövlət qurumları İT nümayəndələrindən ibarət İşçi Qrup yaratsın”

dovlet-qurumlari-it-numayendelerinden-ibaret-isci-qrup-yaratsin
Oxunma sayı: 1442

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz e-sosial.az resursunda yaranan problemə münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, O.Gündüz feysbukda bildirib ki, hazırda ölkədə yaranmış situasiyada daha bir ictimai əhəmiyyət kəsb edən resurs, e-sosial.az resursunda ciddi problemlər yaşanır:

"Vətəndaşlar hökumətin məlum dəstəyindən istifadə etmək üçün resursda qeydiyyatdan keçə bilmirlər. Bəzi hallarda resurs ümumiyyətlə açılmır.

Güman ki sayt vətəndaşların çoxsaylı müraciətlərini qarşılamağa hazır deyilmiş və yüklənmə səbəbindən normal çalışa bilmir.Vaxt az olduğundan ƏƏSM Nazirliyi ciddi tədbirlər görməlidir.

ASAN -nın, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, digər əlaqəli qurumların bu cür böhranlı anlarda aktiv işləyən İT mütəxəssislərin köməyindən istifadə etmək olar.

Yaxşı olardı ki, hökumət, yaxud ASAN indiki zamanda böhranlı anlarda çevik işləyən, əlaqəli dövlət qurumları İT nümayəndələrindən ibarət İşçi Qrup yaratsın. Əvvəllər gov sektorda problemli-böhranlı anlarda bir neçə dəfə belə qruplar yaradılıb və yaxşı effekt verib.
Düşünürəm ki işsizlərə hökumətin müvafiq dəstəyi ilə bağlı e-xidmətdən istifadə üçün müvəqqəti olaraq qeydiyyat prosedurasını sadələşdirmək, müraciətləri müəyyən qrafik-parametrlər üzrə qəbul etmək də olardı. ƏƏSM Nazirliyi, ASAN və digər qurumlar təcili birgə səylərlə resursun normal işini bərpa etməlidirlər.

Vətəndaşlardan da xahiş olunur ki , hələlik qeydiyyat üçün xeyli zaman qaldığından , qeydiyyat üçün bir qədər səbrli olsunlar".

Günel Türksoy