Dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

dovlet-xestexanalarinda-tibbi-fakulteler-acila-biler
Oxunma sayı: 1217

“Gələcəkdə bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması ilə bağlı dövlətə təklif veriləcək”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib. 

Bildirib ki, həkimlərin regionlarda işləməsi ilə bağlı marağı artırmaq məqsədilə qısamüddətli çıxış yolları kimi ezamiyyət və həvəsləndirici premiyalar düşünülür: “Uzunmüddətli çıxış yolu olaraq isə xarici ölkələrdə təhsil alan tələbələrimizin regionlarda olan xəstəxanalara marağının artırılması və bu baxımdan da danışıqların aparılması planlaşdırılır.

Daha dərindən araşdırma aparılır ki, həkim çatışmazlığını aradan qaldırmaq üçün nə işlər görmək olar? Rezidentlərin 3 il məcburi regionlarda işləməsi məsələsinin daha ciddi tətbiq olunması gözlənilir”.

O, qeyd edib ki, regionlarda həkim məntəqələri heç də ürəkaçan deyil: 

“Ancaq bizim büdcəmiz məhduddur. Son illərdə 600-dən çox xəstəxananın təmir və tikintisinə pul ayrılıb. İlkin mərhələdə xəstəxanaların təmiri nəzərdə tutulmuşdu, ikinci mərhələlərdə isə tibb məntəqələrinin təmiri gözlənilir. Bundan başqa, tibb məntəqələrində fəaliyyət göstərən tibb bacısı və həkimlərə təlimlərin keçirilməsi nəzərdə tutulur”.

Günel Hacı