“Əldə elə faktlar, elə dəlillər var ki, onların rezonans doğurmaması mümkün deyil” - Elşən Musayev

elde-ele-faktlar-ele-deliller-var-ki-onlarin-rezonans-dogurmamasi-mumkun-deyil
Oxunma sayı: 582

Birinci Qarabağ Müharibəsinin iştirakçısı, erməni ideoloqu Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında belə bir qeyd var: “Dostum Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən baxdım ki, 11 yaşında türk qızını pəncərəyə mismarlayıblar. Əvvəlcə sussun deyə, Xaçatur onun ağzını ölmüş anasının qanlı şalı ilə bağladı. Sonra mən həmin qızın dərisini baş, qarın və sinə nahiyələrindən soymağa başladım. Ardınca saata baxdım. Uşaq, düz 7 dəqiqə sonra qan itkisi səbəbilə dünyasını dəyişdi. Daha sonra Xaçatur cəsədi doğradı və itlərə atdı. O zaman sevincdən gözlərimiz parıldayırdı. Anlayırdıq ki, bütün ermənilər hərəkətimizlə qürur duyacaq...”

Daha bir erməni müəllif, Paşinyan inqilabından sonra Livanda məskunlaşmış David Xerdiyanın Xocalıya həsr olunmuş “Xaç uğrunda” kitabında isə bu fraqment xüsusi abzas kimi keçib: “Yük maşınında 10 yaşlı türk qızı vardı. Başından və qolundan aldığı zədələrə rəğmən ölməmişdi. Yaxın bir saat ərzində canını tam tapşırmamış təxminən 10 -15 belə adama rast gəldik. Amma onların heç birini güllə ilə öldürmədik. Diri-diri ocağa atdıq. Tonqaldan gələn imdad, qışqırtı səslərini eşitmək o qədər xoş idi ki...”

Bax belə: Erməni vəhşəti nədirsə, onun təbliğatçıları, kitab yazanları da eyni QƏBİLdə və QƏLİBdədir.

***

Xocalı soyqırımından düz 34 il ötür...

Hər yerdə də məhz bu cür ifadə etmək lazımdır: Soyqırımından!

Çünki beynəlxalq hüququn yanlış şərhçiləri, qlobal fikir mərkəzlərində əyləşən ikili-üçlü standartlılar, saxta “erməni soyqırımı”nı dörd əllə dəstəkləyib, Xocalı “masştab”ında aktı görməzdən keçənlər gələcəkdə (mütləq!) veriləcək sanksiyaları önləmək, yaradılacaq tribunalları əngəlləmək üçün hər zaman xüsusi çaba göstəriblər, daim “termin manevri”(manipulyasiyası) etməyə çalışıblar. Ki, hadisə maksimum yüngül, yumşaq anlayışlar üzərindən tövsif olunsun...

Bəli. Bu gün ən böyük təsəllimiz odur ki, Xocalı azaddır, öz əzəli sahibindədir və günahsız insanların qisası artıq döyüş meydanlarında alınıb.

Hətta, günahkarların bir qismi (yenə də sırf Azərbaycan dövlətinin öz gücü və qüdrəti sayəsində) cinayət məsuliyyətinə cəlb edilib və onlar barəsində məhkəmə hökmü elan olunub.

Amma və lakin! Bu son deyil, olmamalıdır və olmayacaq!

Proses davam edəcək.

Bütün müqəssirlər, səbəbkarlar (tam heyətlə) cəzasını alana, dünya miqyasında ifşa edilənə, mövzu ilə bağlı ən xırda dilemma belə öz həllini, yöntəmini, çarəsini tapana qədər davam edəcək!

Dilemma kimi təqdim etdiyim əsas boşluqlar (kazuslar) isə aşağıda sadalayacaqlarımdır:

Əvvəla...Beynəlxalq cinayətlər: soyqırımı cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri öncə ərazi yurisdiksiyası üzrə təqib edilir. Yəni, hadisənin törədildiyi yerin hüquq-mühafizə orqanları cinayət işi açır, istintaq aparır və iş qiyabi xarakter aldıqda cinayətkarlar beynəlxalq axtarışa verilir. Və Xocalıda törədilən soyqırımı cinayəti ilə bağlı da əsas problem ondan ibarətdir ki, canilər hazırda Azərbaycan Respublikasının yurisdiksiyasından kənardadırlar. Bu fakt isə artıq milli qanunvericiliyin daha qlobal zonaya – beynəlxalq qanunvericiliyə transferini zəruri edir.

İkincisi... Məlum kontekstdə ən kuryoz məqamlardan biri, “INTERPOL”un uzun illər boyunca (hadisəni törədənlərə münasibətdə) səssiz və fəaliyyətsiz qalmasıdır. Daha dəqiq desəm: Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ittiham olunan və beynəlxalq axtarışa verilən cinayətkarların xarici tranzit ötürümündə, yəni bir dövlətdən digərinə adlamasında bu günə qədər (!) heç bir problem yaşanmayıb.

Üçüncüsü... Beynəlxalq təcavüzləri təqib etmək üçün 1998-ci ildə, Romada Beynəlxalq Cinayət Məhkəməsi təsis olunub. Sadəcə problem (əmma) ondan ibarətdir ki, həmin məhkəmənin yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən etibarən törədilən cinayətlərə şamil edilir. Xocalı soyqırımının hüquqi tanıtımı məsələsində beynəlxalq qüvvələrin masa üzərinə qoyduğu əsas arqument də məhz budur.

Dördüncüsü... Beynəlxalq cinayətlərin araşdırılmasında “Ad Hoc” (xüsusi halları nəzərdə tutur) tribunallarından da istifadə olunur. Belə tribunallar təcrübədə Syerra-Leone və Livanla bağlı yaradılıb, əsasını müvafiq dövlətlə BMT arasında bağlanan müqavilə təşkil edir və həmin mexanizmin üstün cəhətlərindən biri odur ki, hadisələrin obyektiv-hüquqi təftişi üçün prosesə milli hakimlərlə yanaşı əcnəbi hakimlər də cəlb edilir.

Yəni, bu barədə də düşünə bilərik...

Digər fərqli president isə Kambocada tətbiq edilib: “Fövqəladə palatalar”.

Niyə fərqli? Çünki həmin Palatalar Kambocada törədilən hərbi cinayətlərdən düz 25 il sonra təsis olunub.

Səbəb də sadədir: Beynəlxalq cinayətlərə münasibətdə zaman faktoru nəzərə alınmır. Müddət sərbəstdir.

Örnək göstərim: 1947-ci ildə, haqqında Fransa məhkəməsinin qiyabi hökm çıxardığı və hərbi cinayətlərdə ittiham olunan Luis Jörpak yalnız 1983-cü ildə Boliviyadan Fransaya ekstradisiya olunaraq ədalət mühakiməsinə təslim edilib.

Nəhayət, beşincisi... Eyni zamanda, ən çox mübahisə predmeti olan mövzulardan biri: Azərbaycan tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsini – “Roma Statutu”nu niyə ratifikasiya etmir və ya bu icraat reallaşmadan Xocalı ilə bağlı qlobal - hüquq müzakirəsi açmağa dəyərmi?

Bax, burada əsas səbəb siyasidir. Niyə? Çünki ixtiyari hadisə fonunda vəziyyətdən sui-istifadə halına daha çox rast gəlinir, nəinki problemin həlli istiqamətindəki çabalara. Daha sadə dildə desək: cinayət təqibi kontekstində məlum qurum – Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmə hüququna malikdir və buna görə də onun ədalətli olacağına, əsl günahkarı qoyub kənarda müqəssir axtarmayacağına kimsənin zəmanəti yoxdur.

Yəqin, eyniadlı səbəbdəndir ki, Çin və Hindistan kimi böyük dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya isə bir müddət sonra imzasını “Roma Statutu”ndan geri çəkib: Öz vətəndaşları Beynəlxalq Cinayət Məhkəməsinin təqibinə tuş gəlməsin deyə.

Və ən sonda bir nüansı da vurğulayım: (İstisna hallarda) “Roma Statutu” ratifikasiya edilmədən də konkret cinayət işi üzrə yurisdiksiya tanına bilər və buna BCM-nin Nizamnaməsi tam imkan verir.

Həmçinin biz Ermənistanın 2000-ci illərdən sonra da davam edən müharibə cinayətləri (elə ancaq İkinci Qarabağ müharibəsində törədilən Gəncə və Bərdə terrorunun sübutları yetərlidir) barədə materialları müvafiq quruma və ya qurumlara təqdim etsək, düşünürəm, bütün baryerləri aşa bilərik.

Çünki əldə elə faktlar, elə dəlillər var ki, onların rezonans doğurmaması, ən qalın qapıları üzümüzə açmaması və nəhayətində; bizi haqlı çıxarmaması mümkün deyil.

***

Əlqərəz, Xocalı soyqırımına daha geniş formatda, beynəlxalq səviyyədə, tribunal miqyasda hüquqi qiymətin verilmə şans(lar)ı hər zaman var və öz aktuallığını qoruyub saxlayır.

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri