Elşad Abdullayevin videosundakı hakimlə bağlı intizam icraatı başladı

elsad-abdullayevin-videosundaki-hakimle-bagli-intizam-icraati-basladi
Oxunma sayı: 652

Şuradan APA-ya verilən məlumata görə, iclasda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan irimiqyaslı məhkəmə islahatlarının mütərəqqi nəticələri, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər qeyd olunub, yenicə istifadəyə verilmiş məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumat almaları üçün şəffaflığın, o cümlədən elektron xidmətlərin təmin edilməsi, insanlara hüquqlarını həyata keçirməsi üçün əlverişli şəraitin yaradılması təqdir edilib.

Həmçinin, qeyd olunub ki, məhkəmə sistemində korrupsiya, süründürməçilik və digər qanun pozuntularına qarşı qəti mübarizə aparılaraq, təkcə son 3 il ərzində 52 hakim barədə intizam icraatları başlanılıb, 5 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə bağlı internetdə yayılmış videoyazıya dair məsələ iclasın gündəliyinə daxil edilib, o cümlədən bu barədə Baş Prokurorluğun məlumatı müzakirə olunub. Bildirilib ki, videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Kodeksinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir.

İclasda belə hallara qarşı barışmaz münasibət qeyd olunmaqla, hakim Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb.

Şurada qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Hacıqabul rayon məhkəməsinin hakimi Həmid Əzizova töhmət verilib, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevə irad tutulub.