“Ermənistanın istənilən nöqtəsində hərbi hədəfləri zərərsizləşdirmək hüququmuz var”

ermenistanin-istenilen-noqtesinde-herbi-hedefleri-zerersizlesdirmek-huququmuz-var
Oxunma sayı: 3593

Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq sentyabrın 27-də Azərbaycan ordusunun əks hücuma keçməsindən sonra düşmən davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini hədəfə götürür. 

“Qafqazinfo” xəbər verir ki, Ermənistan ordusunun həm Dağlıq Qarabağda yerləşdirilmiş, həm də öz ərazisində olan hərbi birləşmələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərləri, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan və digər rayonlarını atəşə tutur. Azərbaycan mülki əhalinin təhlükəsizliyinə təhdid yaradan istənilən hədəfi məhv etmək hüququna malikdir. Oktyabrın 14-də Ermənistan tərəfindən  Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında yerləşdirilmiş və start mövqeyində olan əməliyyat-taktiki ballistik raket kompleksləri Gəncə, Mingəçevir və digər şəhərlərdəki dinc əhali və infrastruktura doğru hədəfləndiyinə görə legitim hədəf kimi məhv edilib.

Ermənilərin yaşayış məntəqələrini və mülki əhalini hədəfə alması nəticəsində indiyə qədər 46 dinc sakinimiz vəfat edib. 223 nəfər isə yaralanıb. Təkcə Gəncənin Ermənistanın Vardenis rayonu ərazisindən “Skat” raketi ilə vurulması nəticəsində 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb. 

Azərbaycan Ordusunun Ermənistan ərazisindən yaşayış məntəqələrinə və mülki əhaliyə təhdid yaradan hərbi hədəfləri məhv etmək hüququ barədə “Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov xatırladıb ki, ötən gün Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Gəncə və Mingəçevir şəhərlərinə doğru əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə etdiyi barədə məlumat yayıb: “Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu legitim hərbi hədəf kimi start vəziyyətində olan bu raketləri qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıb. Beynəlxalq hüquqa əsasən Azərbaycanın mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə təkcə Dağlıq Qarabağ və ətraf rayonlarda deyil, həmçinin Ermənistanın istənilən nöqtəsində legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququ var. Belə ki, beynəlxalq hüquqa əsasən hərbi gücün tətbiqinin iki qanuni forması mövcuddur. 

Birincisi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən həyata keçirilən kollektiv tədbirlərdir. İkincisi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hərbi hücuma cavab olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququnun reallaşdırılmasıdır. Yəni Azərbaycanın həyata keçirdiyi əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsindədir. Eyni zamanda BMT Baş Məclisi 1974-ci ildə səkkiz maddədən ibarət təcavüz anlayışı barədə qətnamə qəbul edib. Həmin qətnamənin 3b bəndində təcavüzə məruz qalan dövlətin təcavüzkarın (Ermənistanın) silah obyektlərini məhv etməklə bağlı hüququ da tanınır.  

Hazırda Ermənistan bu münaqişəni Dağlıq Qarabağda mövcud olan qeyri-qanuni rejim və Azərbaycan arasında kimi təqdim edir. Birincisi, dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. İkincisi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, elə qətnamələrin başlığında qeyd edilir ki, bu münaqişə Ermənistan və Azərbaycan arasındadır. Üçüncüsü, Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovlar işindəki qərarına əsasən müəyyən edilib ki, Dağlıq Qarabağa həm siyasi, həm də hərbi vəziyyətə effektiv nəzarəti Ermənistan həyata keçirir. Yəni müharibə Ermənistan və Azərbaycan arasında baş verir. Beynəlxalq hüquqa əsasən, Azərbaycan Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində, özünümüdafiə məqsədilə Ermənistanın istənilən coğrafi nöqtəsinə mülki əhali üçün təhdid yaradan legitim hərbi obyektləri vurma hüququ var. Eyni zamanda, Ermənistan tərəfi Cenevrə Konvensiyalarına tez-tez istinad edir. Yenə də unudurlar ki, Cenevrə Konvensiyaları dövlətlər arasındakı silahlı münaqişələr zamanı humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Yəni söhbət hansısa terror qruplaşması və daxili münaqişədən getmir. İki dövlət, Ermənistan və Azərbaycan arasında olan münasibətlərdən söhbət gedir”.

Günel Türksoy