Çinar Plazada sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində 2025-ci il üzrə FMG şirkətinin əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlərə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şirkətin rəhbər heyəti, müxtəlif struktur bölmələrinin rəhbərləri və əməkdaşları ilə yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi Rüfət Əliyev, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Əlibala Əlizadə, həmçinin Bakı Psixologiya Mərkəzinin direktoru Turhan Səttərov, mərkəzin psixoterapevti Nərmin Osmanlı və digər xüsusi qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin ətraflı təhlili, SƏTƏMM sahəsində əldə olunan uğurların paylaşılması, mövcud risklərin qiymətləndirilməsi və 2026-cı il üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.
Tədbir zamanı FMG şirkətinin Kommersiya, Əməliyyatlar və Maliyyə üzrə direktorları çıxış edərək, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində risklərin biznes proseslərinə təsiri, bu risklərin idarə olunması mexanizmləri və qabaqlayıcı tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. İnsan Resursları və Təlim şöbəsinin rəhbəri isə təhlükəsizlik mədəniyyətinin formalaşmasında insan kapitalının rolu, əməkdaşların maarifləndirilməsi və davamlı təlimlərin vacibliyi barədə ətraflı məlumat verib.
Tədbirin yekununda FMG şirkətinin direktoru İlham Allahverdiyev çıxış edərək təhlükəsiz və sağlam iş mühitinin şirkətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Şirkətimiz üçün SƏTƏMM yalnız qanuni tələb deyil, həm də fəaliyyətimizin, korporativ mədəniyyətimizin və davamlı inkişaf prinsiplərimizin ayrılmaz hissəsidir. Əməkdaşlarımızın, tərəfdaşlarımızın, icarəçilərin və xidmət göstərdiyimiz yaşayış komplekslərinin sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzimizdədir.”
Sonda SƏTƏMM sahəsində yüksək nəticələr göstərən və təhlükəsizlik qaydalarına nümunəvi əməl edən bir qrup əməkdaş Təşəkkürnamələrlə təltif olunub.




Son xəbərlər
Son Xəbərlər