Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

evlerini-ve-masinlarini-satib-kendine-10-milyon-dollar-xercledi
Oxunma sayı: 1291

Tanınmış türkiyəli müğənni Berdan Mardini diqqətçəkən sosial və iqtisadi layihə ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, doğulduğu kəndə böyük sərmayə yatıraraq, həm istehsalı genişləndirməyi, həm də məşğulluğu artırmağı hədəfləyir.

Məlumata görə, Mardin bölgəsində yerləşən və 78 ev təsərrüfatından ibarət kəndə ümumilikdə 10 milyon dollar investisiya qoyulub. Layihə çərçivəsində müxtəlif istehsal sahələrini əhatə edən müəssisə artıq fəaliyyətə başlayıb.

Mardini bildirib ki, layihənin əsası hələ 2016-cı ildə qoyulub. Onun sözlərinə görə, bu məqsədlə şəxsi əmlakını - evlərini və avtomobillərini sataraq investisiyaya yönəldib. Müğənni bu qərarına görə ətrafından tənqidi reaksiyalar aldığını da gizlətməyib.

Qurulan müəssisədə gül yağı, ətir, makaron və gül ətirli limonad kimi məhsulların istehsalı nəzərdə tutulur. Layihədə əsas xammal kimi Mesopotamiya bölgəsində yenidən becərilən xüsusi gül növündən istifadə edilir.

O, layihənin sosial tərəfinə xüsusi önəm verdiyini vurğulayıb. Mardinin sözlərinə görə, əsas məqsədlərdən biri kəndlərdən şəhərlərə miqrasiyanın qarşısını almaq və xüsusilə qadınların iş imkanlarını artırmaqdır.

Layihənin tam gücü ilə fəaliyyətə başlaması nəticəsində bölgədə 450-500 nəfər üçün yeni iş yerlərinin yaradılması planlaşdırılır.