Əsgəran yolunun inşasına başlanıldı - Fotolar

esgeran-yolunun-insasina-baslanildi
Oxunma sayı: 1483

Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilib.

Bildirilib ki, hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür:

“Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır”.