“Əsl oftalmoloq təkcə həkim deyil, həm də psixoloq olmalıdır” - Fotolar

esl-oftalmoloq-tekce-hekim-deyil-hem-de-psixoloq-olmalidir
Oxunma sayı: 4787

“Bu gün oftalmologiya istər kadr, istərsə də müasir avadanlıq baxımından çox inkişaf edib”.

Bu barədə müsahibəsində “MƏLHƏM Beynəlxalq Hospital”ın icraçı direktor müavini, Oftalmologiya Mərkəzinin rəhbəri, cərrah-oftalmoloq, tibb elımləri doktoru, dosent Aytən Sultanova bildirib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Aytən xanım, müasir tibbin inkişafından danışanda oftalmologiyanı qeyd etməmək mümkün deyil...

- Bu gün oftalmologiya istər kadr, istərsə də müasir avadanlıq baxımından çox inkişaf edib. Azərbaycan bu sahədə dünya ölkələri sırasında özünəməxsus yer tutur. Bizim həkimlər beynəlxalq seminarlarda iştirak edirlər, təcrübə mübadilələri aparırlar. Dünyanın bir çox ölkələrindən -  Amerikadan, İngiltərədən, hətta İsraildən belə gələn xəstələrimiz var. Bu da Azərbaycan oftalmologiyasının inkişafına dəlalət edən göstəricilərdəndir.

- Və sözsüz ki, bu inkişafın təməl daşı böyük alim, akademik Zərifə xanım Əliyeva tərəfindən qoyulmuşdu.

- Tam doğru deyirsiz. Zərifə xanım kimi görkəmli bir alimin varlığı Azərbaycan elmi üçün əsl sərvət idi.

Azərbaycan səhiyyəsinə yeniliklər gətirən, fitri istedada malik novator alim, pak vənadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi yaradan Zərifə xanım Əliyeva zəmanəmizə bir örnəkdir. Onun həyat fəlsəfsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri daim araşdırılır, xarakterizə edilərək, bu və ya digər cəhətləri diqqətə çəkilir.

Zərifə xanımın rəhbərliyi dövründə Göz xəstəlikləri İnstitutunda qlaukoma, gözün sinir-damar patologiyası, gözün virus patologiyası,uşaqların görməsinin mühafizəsi, toxuma terapiyası və keratoplastika, gözün zədəsi şöbələri, həmçinin patomorfoloji, biokimyəvi, virusoloji və bakterioloji laboratoriyalar, fizioterapiya kabinəsi, göz xəstəliklərinin rentgen diaqnostikası və rentgen terapiyası kabinəsi daxil olub. Azərbaycanda yayılmış digər göz xəstəliklərinin diaqnostika və müalicə üsullarının işlənilməsi, bu üsulların təcrübədə tətbiq edilməsi, oftalmologiya sahəsində elmi və praktik kadrların hazırlanması, maddi-texniki bazasının gücləndirilməsi, yeni diaqnostik xidmətlərin yaradılması kimi məsələlərə diqqət artırılıb. Və bu gün biz oftalmologiya sahəsindəki uğurlardan danışırıqsa, dünənə nəzər salmaq, bu uğurların təməlinin kim tərəfindən qoyulduğunu da unutmamalıyıq.

- Sizin də həyat yolunuza nəzər salanda diqqətimi bir məqam daha çox cəlb etdi: hələ gənc yaşlardan müxtəlif vəzifələrdə çalışmısız.

- Bəli. Tale elə gətirdi ki, mən hələ tələbə olarkən Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda çalışmağa başladım. Orada şöbə müdiri və baş həkim oldum. Gənc idim, mənə göstərilən etimadı doğrultmağa çalışırdım.

Mən çox gənc yaşlarımdan rəhbər vəzifələrdə işlədim. “Caspian İnternational Hospital” və “Badam Medical Center”də baş direktor kimi çalışdım. Mən həmkarlarımla bir rəhbər kimi deyil, bir insan kimi davrandım. Çünki mənə görə kürsü müvəqqəti bir rahatlıqdır, əsl rahatlıq insanın vicdanında olmalıdır.

- Kürəyinizə bıçaq saplayan oldumu?

- Oldu. Amma bütün hallarda ayağa qalxmaq və irəliləmək lazımdır.

- Bu gün “MƏLHƏM Beynəlxalq Hospital”da çalışırsız...

-  Çox gözəl kollektivi, peşəkar heyəti var. “Məlhəm”də sanki bir ailə ortamı var. O qədər həvəslə çalışıram ki ... Üstəlik, ən çətin göz əməliyyatlarını həyata keçirtməkdən zövq alıram. Mənim pasiyentlərim canlı reklamdırlar. Onların üzündəki gülüşü, gözlərindəki sevinci görmək mənim üçün ən böyük dəyərdir. Bu gün tibbin müxtəlif sahələri üzrə istər ambulator, istərsə də stasionar xidmət göstərən “MƏLHƏM Hospital”ın nəzdində Oftalmologiya mərkəzi  açılıb. Beynəlxalq standartlara cavab verən ən son avadanlıqlar həmin şöbədədir. Bu gün “MƏLHƏM”ə gözlə bağlı bütün şikayətlər ən yüksək səviyyədə aradan qaldırılır. Yaşın fərqi yoxdur: istər uşaq olsun, istər 90 yaşlı ahıl... Bizdə hər kəsə əlac var.

- Maraqlıdır, bir cərrah-oftalmoloq üçün əməliyyat zamanı ən çətin olan nədir?

- Gərək tərəddüd etməyəsən. Nədəsə narahatlıq keçirtdinsə, əllərin əsdisə, demək, səndən oftalmoloq olmaz. Cərrah qətiyyətli və özünə güvənən olmalıdır. Oftalmoloq həm də psixoloq olmalıdır. Çünki bizim sahədə savad mütləqdir.

- Aytən Sultanova ilk əməliyyatını necə xatırlayır?
-(gülümsünür) Bir etiraf edəcəm: mən ilk dəfə köməkçi kimi əməliyyat otağına keçəndə ürəyim getmişdi. Güclə ayıltdılar. Onda gözümün önünə nənəm gəldi. Çünki onun gözlərini açacağıma söz vermişdim. Ondan sonra sanki içimdəki bütün qorxu və tərəddüdlər yox olub getdi.

- Məncə sizin belə peşəkar və məsuliyyətli həkim olmanızda valideynləriniz rolu əvəzsizdir.

- Çox düz vurğuladız. Mən həkim ailəsində böyüdüm. Atam da, anam da mənə həkimliyi sevdirən ilk insanlar olublar. Atam məni mətin, qorxmaz böyütdü. Təhsil almağımda əlindən gələni etdi. Və mənim tərbiyəmdə ən önəmli cəhət dürüstlük və ədalət idi ki, bu da karyeramda başlıca amil idi. Düşünürəm ki, valideynlərim məni çox düzgün böyüdüblər. Həyatım boyu dürüstlük, təmizlik, vicdan ən böyük amalım oldu. Heç vaxt haqqı nahaqqa vermədim. İstər həkim, istərsə də bir insan kimi  mənən çox rahatam. Çünki mənə görə həyatda ən böyük and vicdan andıdır.