“Evimə hoppana-hoppana girirəm” - Fotolar+ Yenilənib

evime-hoppana-hoppana-girirem
Oxunma sayı: 3958

Xırdalan şəhər, 20 Yanvar küçəsinin sakini Ayaz Qasımov sözügedən ünvanda kanalizasiya xətlərində yaranmış problemdən narazıdır.  

O, “Qafqazinfo”ya müraciətində qeyd edib ki, 3 ay ərzində Xırdalan yollarında təmir getsə də, problemlər qalmaqdadır: “Mən evimə hoppana-hoppana girirəm. “Azərsu”ya müraciət etsək də, bizə cavab verən yoxdur”. 

“Qafqazinfo” məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem onlara aid deyil: 

“Xırdalanda yolların təmiri zamanı bizim podratçılar tərəfindən qazılan ərazilər asfaltla təmin edilib: Sakinlər yəqin səkilərin də asfaltlanmasını tələb edirlər. Biz səkiləri qazmamışıq. Şəkildən görünür ki, ərazidə köhnədən olan su xətləri var. Bu məsələ ilə bağlı sakinlər rayon İcra Hakimiyyətinə müraciət etməlidirlər”.

***

Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli də məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, şəkillərdən də göründüyü kimi, su boruları vaxtilə vətəndaşlar tərəfindən səliqəsiz formada çəkilib: “Hazırda isə Xırdalan şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması həyata keçirilir. Bu işləri də “Azərsu” ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş podratçı şirkətlər həyata keçirir.  

Sadəcə yeni sistem işə düşmədiyi üçün podratçılar köhnə xətləri ərazidən çıxarmayıblar ki, əhali susuz qalmasın. Onlarla apardığımız söhbətlərdən sonra məlum oldu ki, oktyabrın 14-də  həmin sistem səliqəli formada yenidən çəkiləcək və üstü də asfaltlanacaq”.

Günel Türksoy