“Ey əziz anam”, yaxud avtobusda döyülən qadın...

ey-eziz-anam-yaxud-avtobusda-doyulen-qadin
Oxunma sayı: 16733

Dünən – 29 iyun saat 18:30-da Bakının mərkəzində - “Tarqovı”da dəhşətli bir hadisə yaşandı – tez-tez danışan bir şairə görə dəhşətli hadisə – başqalarının bəlkə də diqqətindən kənarda qalmış bir detal...

Bu hadisə yaşananda mən ölkəmin gündəmini bürüyən “avtobus sürücüsünün orta yaşlı qadınla əlbəyaxa davası”nı düşünürdüm. Ona görə də əvvəlcə, düşündürücü hadisədən başlayaq, sonra faciə...

Həmin gün ölkə gündəminin güzgüsü, əksər hallarda monitoru olan sosial şəbəkələrdə elliklə avtobus sürücüsü ilə əlbəyaxa olan, sonda giriş qapısından çölə aşırılan qadına “əcəb oldu!” deyirdik. 

Razılaşarsınız ki, həmin qadın sürücünün təpik zərbəsindən sonra filmlərdə olduğu kimi yombalanmasaydı, qapıdan çölə düşməsəydi, sürücü ilə boğuşsaydı, çoxumuz sürücünü günahlandıracaqdıq. 

Yəqin ki, deyəcəkdik, o sərnişindir, sürücü onunla niyə ağız-ağıza verir? “Normal danışsaydı, dava düşməyəcəkdi”.

Qadının yıxılma anında “oxay” deyənlərin hamısı şüuraltısına tabe olanlardır. Biz – bu gün yaşayan hər kəs vizual sənətin kəhkəşanından pay alanlarıq, filmlər bizim şüuraltımızdadır: qalibin yanındayıq. Çünki bizim rejissor babalarımız daim haqlıları qalib edib. Qarşısındakını filmlərdəki kimi bir zərbəylə məğlub edənlər qəhrəmanlardır. İnsan övladı bütün problemləri bir zərbəylə həll edə bilsəydi, yəqin ki, ən zalım zərbəni belə vurmaqdan çəkinməzdi. Yetər ki, bircə zərbə olsun və həmin zərbə qarşısındakı hər şeyi uçursun! Bu məqama diqtə edən səbəb şüuraltıdır deyə, indi də çox adam iddiam ilə razılaşmayacaq.

Haqqınız var, biz şüurlu varlığıq. 

Keçək əsas məsələyə...

Əsas məsələyə keçəndə əksər əzələ sərgiləyən sosial şəbəkə fenomenləri kimi toplumun əksinə çıxıb xal qazanmağın sevdalısı olmadığımı bilməyinizi umuram. 

Ona görə də, öncə sizə şəhərimizin prospekt və böyük küçələrini nişan verirəm; hansı ki, həmin küçələrin kənarları bir neçə il öncəyə qədər zibillə örtülü olurdu. Son illər sübh tezdən həmin yerlər ovuc içi kimi təmizlənir, hətta yerə düşən yarpaqlar da süpürülür və bu prosesdən sonra, diqqət edin, çox adamın təmiz yola zibil atmağa vicdanı yol vermir. Zibil, adətən başqa zibilləri çağırır – məşhur kriminalistik məcmuədə qeyd olunduğu kimi – şüşələri sınıq olan bina özü oğurluq tələb edir.

Bakının ən böyük dərdlərindən bircəsi – küçələrin natəmizlik problemi beləcə, vətəndaşlar yox, işçilər tərəfindən göstərilən nümunə ilə - əvvəlcədən təmiz saxlanmaqla həll olunur. Yurdumun adamları saat 8-də təmiz olan prospektə saat 9-da zibil atmır.

Cəmiyyətdə simmetriyanın özbaşına yaranacağını ummaq həvəskar nəzəriyyəçilərin xülyalarıdır. Tərbiyə xilqətdədir, ancaq insanların əxlaq kodlarını aktivləşdirmək müəllimlərin borcudur.

Avtobusda baş verən bu əlbəyaxa da iki sıravi vətəndaş arasında olsaydı, orada təhqirə və fiziki zor tətbiqinə ilk başlayan adam kimi qadın təqsirkar sayılmalı idi. Lakin burada dalaşanlardan biri vəzifə başındadır, yəni həmin dəqiqələrinə görə pul qazanır, digəri öz işini başa vurub evinə gəlir, yaxud da evindən çıxıb işə gedir. Həmin məqamda sürücü “yaxşı oğlan”, “kişi”, “özünə görə adam” deyil, xidmət sektorunda çalışan, yüzlərlə adamın taleyinə cavabdehliyi üzərinə götürən və bu məsuliyyəti səbəbiylə pul qazanan xidmətçidir. Təpiklə vurub fantastik şəkildə çölə uçurduğu qadın isə ona pul verərək xidmətindən istifadə edən şəxsdir.

Təbii ki, həmin qadın cəmiyyətə əks nümunədir. Biz övladlarımıza deməliyik ki, o qadın kimi olmasın, lakin ora təyin olunmuş, vəziyyətə cavadeh olunan şəxs həmin qadın deyil, sürücüdür. Sürücü problemi kulminasiya nöqtəsinə çatdırmadan həll eləməyə borcludur.

Sərnişinlərin “saxla” (bəli, “saxlayın”, deməlidirlər) sözündən sonra dəfələrlə avtobus sürücülərinin “burada saxlamayacağam” dediyini eşitmişik. Hərçənd bu yerdə daha loyal ifadələr işlədə bilərlər: “burada saxlamaq qadağandır”, “burada saxlamağa icazə yoxdur”, “burada saxlasam, cərimə olunacağam”,  “dayanacaqlardan kənarda saxlamağımıza icazə verilmir” və s.

Ancaq damağından siqareti əskik olmayan təyinatlılarımız – sürücülər, nədənsə ağayana hökmlərini, müdirlərindən yığdıqları əsəbi sərnişinlərin üzərinə tökməkdən çəkinmir. Hansı ki, problem özlərindən bir pillə yuxarıda, onlara az maaş təyin edən, təzə avtobusla, təmin etməyən, dayanacaq problemini yoluna qoymayan müdirlərindədir. Biz problemi əksinə, özümüzdən sonrakı halqaya ötürməklə məsələni bitmiş sayırıq. Ortadoksal Azərbaycan ailəsində isə, təəssüf ki, sonuncu halqa qadındır, daha doğrusu arvad. (İfadəyə görə üzr istəyirəm. S.A.) Yığa-yığa gələn Azərbaycan kişisinin əsəbini boşaltdığı son obraz arvaddır və arvada boşaldılan kin də bumeranq kimi cəmiyyətin ən aktual yerinə - ürəyinə, yəni gündəmə qayıdır; avtobus sürücüsünün başına dəyən rüqzaq misalı.

Dünən – 29 iyun saat 18:30-da Bakının mərkəzində - “Tarqovı”dakı keçidlərdən birinə enən pilləkəndə gitaralı gənc Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edirdi. Həmin keçidin qalxan pilləkənində isə ovcunu açmış sərxoş “bomj” müğənni ilə eyni anda, amma əsəblə qışqırırdı: 

“Ey, əziz anam, A-zər-bay-can!”

Sərdar Amin