Eynullanın ölkəni bir-birinə vuran yazısı - “Səhranın Qara Günəşi”

eynullanin-olkeni-bir-birine-vuran-yazisi-sehranin-qara-gunesi
Oxunma sayı: 948



“Qafqazinfo” Eynulla Fətullayevin bir neçə gün əvvəl rus dilində qələmə aldığı və hazırda ölkədə ən çox müzakirəyə səbəb olan “Səhrada Qara Günəş” yazısını Azərbaycan dilinə tərcümə edərək təqdim edir:

Səhrada Qara Günəş

Epiqraf əvəzi


Tarkovskinin Solyaris filminə baxandan sonra bir həqiqəti dərk edəcəksən: məhəbbət - özündən savayısını dərk etmək üçündür, özündən savayısını sevmək üçündür

Dəfələrlə içimdə ilahi axtarışına çıxmış insanların qorxunc xüsusiyyəti haqqında Selincerin böyük və yeganə qəhrəmanının məşhur sözlərini təkrarlayırdım. Yaradanı ən ağlagəlməz və uyğunsuz yerlərdə axtarırıq: radioreklamda, qəzetlərdə, taksinin korlanmış sayğacında... Qəhrəman haqlı deyil, axtardığını məhz yersiz rəfdə tapacaqsan. Bu gün söhbət ilahidən deyil, ziyalıdan gedir. Biz onu hər yerdə axtarırdıq, lakin görünür ki, məhz korlanmış taksi sayğacından başlamaq lazım idi.

İllərdir görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovla Azərbaycan hakimiyyətinin qarşıdurması haqqında məqalə yazmaq üçün uyğun zaman axtarırdım. Fəqət bu əlverişli zamanı seçməkdə çətinlik çəkirdim: Rüstəm bəy barəsində fikirlərimi ictimaiyyət yanlış şərh edə bilərdi. Hakimiyyətlə münaqişə uzanırdı və yazıçının ünvanına atılan istənilən söz hakimiyyət tərəfindən hazırlanan hücum kimi qəbul edilə bilərdi. Günlərin bir günü, Azərbaycanın dəhşətli ortaəsrlik yarıfeodal zirzəmisində yaşadığım zaman təsadüfən jurnalist həmkarım Çingiz Sultansoyla yazıçının açıq yazışmalarını oxuyandan sonra İbrahimbəyovu dərk etməyə cəhd etdim. O zaman Çingiz incik tərzdə dünyaca məşhur rejissordan soruşdu: “Siz niyə görə Eynulla Fətullayev və digər həbs olunmuş jurnalistlərin müdafiəsinə qalxmadınız?”, İbrahimbəyov özünə xas təkəbbürlə cavab verdi: “Mən siyasətlə məşğul deyiləm, çünki böyük sənətlə məşğulam...”, bir sözlə hansısa sıravi məhkum jurnalistin taleyi sənətkarın başını qarışdırmaz. Xülasə, Ustad böyüdükcə hakimiyyət və siyasət onu daha çox iyrəndirir.

Stop! Yoldaş İbrahimbəyovun məntiqini təhlil etməzdən öncə onun sovet ziyalılar nəslinə mənsubluğunu vurğulamaqla yanaşı, sovet ziyalısı ilə Qərbdə püxtələşmiş ziyalı nəslini heç vəchlə səhv salmamağı Sizdən təvəqqe edirəm. Mətləbə keçməzdən öncə, oxucuları ensiklopedik dünyaya səyahətə də dəvət edirəm. Bir anlığa. Bu tanışlıqdan sonra İbrahimbəyov probleminin mahiyyəti hər birimizə aydın olacaq. Buyurun:


Böyük Sovet Ensiklopediyası:

“Ziyalılar –elmi, əsasən yaradıcılıqla, mədəniyyətin inkişafı və yayılması ilə peşəkar məşğul olan əhalinin sosial təbəqəsidir”.


İndi isə müasir ingilis dilinin Oksford İzahlı lüğətinə müraciət edək, oxuyun:

“Ziyalılar – cəmiyyətin intellektual və ciddi, müstəqil düşüncəyə malik hissəsi hesab edilir (yaxud özünü hesab edir).

Sovet ziyalısı İbrahimbəyov müstəqil və ... düşüncəyə malik ola bilərmi? Mühakimənizi yürüdün.


Diktator Günəşindən yorulmuş

Qəflətən, heç gözlənilmədən bizim kinodramaturq öz vədinə xilaf çıxıb, Sənətə üz çevirərək məmləkətdə cərəyan edən azacıq da olsa nəzərə çarpan hadisəyə etinasızlığı ilə seçilməyə başladı. Ziyalının siyasi sıçrayışı da məni zindanda yaxaladı. Artıq siyasət sənətkarın ürəyini bulandırmırdı.
Ustadın Rusiyadakı mənafeləri zərbə altına düşmüşdü: Mixalkovla münasibətlər korlandı, Surkovun nəsə xoşuna gəlmədi.... Dərhal İbrahimbəyov ehtiyat aerodromunun varlığının qədrini bildi. Azərbaycan! Ancaq rejissor ölkəyə lazım olan qapıdan girmədi.

Nə baş verdi? Birdən birə siyasətə ikrah duyan R.İbrahimbəyov sanki siyasi mikroskopa sarılıb, hər bir siyasi hadisəni diqqətlə izləyərək, ehtiraslara qapılıb müxalifət qəzetlərinin qəhrəmanına çevrildi və Kardinalın mazğalına atıldı...

Hansı kataklizm diktatorun Günəşindən yorulanlanları yandırdı?

R.İbrahimbəyov əbəs yerə zınqırovu çalmadı, çün hakimiyyət onun Kinoməbədini - rejissorun Mixalkovdan sonra son ümidini müsadirə etdi. Lakin vaxtilə Rəhbərin şəxsi himayəsində pənah tapmış istedadlı yazıçı müqavimət istəyini azacıq biruzə verəndən dərhal sonra yeni təhlükəni hiss edən hakimiyyət onun varidatını talamağa başladı.

Hakimiyyətlə qarşıdurma avtoritarizmin güclənməsi ilə paralel olaraq artırdı. Tək İbrahimbəyovla yox, bütün Azərbaycanın ziyalı təbəqəsi ilə qarşıdurma dərinləşməyə başladı. Neftodollarların hesabına qüdrətlənən hakimiyyət eyforiya içində ziyalılara Leninsayağı münasibət aşıladı (Vladimir İliçi xatırlayın: “Ziyalılar – nəcisdir!”) və şıltaq rejissorların nazı ilə oynamaqdan yorulan hakimiyyətin artıq buna nə vaxtı, nə də həvəsi qalmadı...

Tamahkar və korrupsiyalaşmış ziyalılara münasibətdə nəzakətsizlik yazıçıları və rejissorları çox sarsıtdı; hakimiyyət tarixin sınağından çıxmış həqiqəti artıq unutmuşdu: ziyalı – uğurlu müttəfiqdir, fəqət təhlükəli düşməndi. İbrahimbəyov tarixi həqiqəti yaşatdı və nümayiş etdirdi. O, antisovet klassikinin təbirincə desək, özünə diqqəti cəlb edərək Həqiqət haqqında elə danışdı ki, sanki bu həqiqət mövcud imiş.

İki həqiqət və bir Forum

Göylərdən yerlərə enən, əbədiyyətdən zamana qayıdan, nəhayət öz vətəndaşlıq borcunu birdən xatırladan İbrahimbəyovu hakimiyyətlə münaqışəyə və qarşıdurmaya sövq edən hansı motiv idi?

O motiv ki Azərbaycan ziyalı nəslini, eləcə də İbrahimbəyovu avropalı “məxməri nəslin” nümayəndəsi olan polşalı kinorejissor və keçmiş dissident, bugünlərdə Bakıya təşrif buyuraraq Rüstəm İbrahimbəyova öz mənəvi dəstəyini izhar etmiş Kşiştof Zanussidən fərqləndirir. Halbuki Zanussinin Bakıdakı çıxışlarından sonra Polşa və Azərbaycan ziyalıları arasında hansısa analogiyalar sadalandı.

Şərqi Avropanın məxməri inqilabının təcrübəsi bizə daha bir Həqiqəti agah etdi: azadlığa sıçrayış qansız ola bilər, əgər ziyalılar cəmiyyətdə mənəvi hakim rolunu qorumaqla ictimai gündəmi də zəbt etsinlər.

R.İbrahimbəyov ictimai gündəmi zəbt edə bildi, fəqət hakimiyyətin bir qolu ilə əməkdaşlığı davam etməklə. İbrahimbəyovun özü də, Azərbaycan ictimaiyyəti də, biz hamımız Ziyalılar Forumunun antiMehdiyev kursunun kimdən ilham aldığını çox gözəl bilirik.

Bəs görkəmli yazıçı və hazırki dissident eyni korrupsion maraqlara söykənən, fəqət bir qədər cazibədar və cəlbedici gülüşü ilə fərqlənən korrupsiyalaşmış qruplaşma ilə əməkdaşlıq edərək ictimai etirazları necə tərpətmək istəyir?!

Polşada rejimlə əməkdaşlıq ziyalı üçün şərəfsiz seçim hesab edilirdi. Bunu İbrahimbəyovun dostu Zanussi də təsdiqləyir: “Bizim aktyorlar dövlət televiziyasını boykot etdilər. Biz rəsmi KİV-ə müsahibə vermədik, məşhur ziyalılarla küçədə tez-tez qarşılaşan insanlar isə bizi bağrına basıb təşəkkür edirdilər”.

Bax buna görə polşalı ziyalılar əhalinin gözündə mənəvi hakim rolunu saxlaya bildi və bu da dinc transformasiyanın qan tökmədən gedişini yüngülləşdirdi: arbitr dağıdıcı emosiyaları saxlayırdı və hakimiyyətin yoluna əngəl yaradırdı.

Polşalı rejissorlar və Zanussinin özü də şəxsi biznesləri, şəxsi işləri və şəxsi firavanlıqları naminə mübarizə aparmırdı, çünki inanın, general Yaruzelskinin özü "Solidarnost" hərəkatını və antikommunist dalğanı saxlamaq naminə, ziyalıların könlünü almaq üçün yüzlərlə saraydan və Kinoməbədlərdən keçərdi.

Onurğası sındırılmış ziyalı

Hakimiyyətdə olan ziyalı fenomeninə qayıdaq, çünki Rüstəm İbrahimbəyovun özü Heydər Əliyevin birinci və ikinci üsul-idarəsi dönəmində ziyalı nomenklaturasını parlaq şəkildə təcəssüm etdirirdi, Rəhbərin sayəsində qeyri-məhdud nüfuz və rifaha sahib çıxırdı. Həmin illərdə H.Əliyev təntənəli şəkildə İbrahimbəyov qardaşlarının ad günü şərəfinə banketlər təşkil edib, bir qardaşı sağında, obirisini solunda əyləşdirərdi. Cəmiyyətimizdə mənəvi və etik ölçülərin təminatçısı olan qüvvənin iflası da məhz bu aşılanmadan sonra başladı.

Biznesmenlərdən başlayaraq texnokratlara qədər, oliqarxlardan tutş mühəndislərə qədər heç bir ictimai təbəqə siyasi azadlıqların və liberal dəyərlərin mütləq basqısına yönəlmiş sərt siyasəti yumşaltmaqda Heydər Əliyevi inandırmaqda aciz olardı. Bu dövrdə "Şöhrət"lərlə, medallarla və imtiyazlarla təltif edilən, zənginləşən İbrahimbəyov nədənsə yeni siyasi situasiyanınn modelləşdirilməsi barəsində düşünməzdi. Əlbəttə, hakimiyyətin düşünülmüş comərdliyi ziyalıların gözündə bir çox günahları təmizləyir, çünki onlar bundan xeyir əldə etməyi bacarırlar.

Biz isə bağırırdıq, hakimiyyətin mandat, obyekt, radiostansiya, villa və başqa bəxşişlərinə layiq görülən İbrahimbəyov və onun həmkarları eşidənə qədər hayqırmaq istəyirdik ki, onların ali diqqətini cəmiyyətin sistemli problemlərinə yönəldək, çünki bizim siyasi instiktimiz gələcək bədbəxtliklər barədə bizi xəbərdar edirdi (həmçinin İbrahimbəyovun özünün bədbəxtliyi ilə bağlı) və biz başa düşürdük ki, ziyalı və intellektuallarsız ictimai sıçrayış təsəvvür edilməzdir.

İbrahimbəyov və onunla bir sırada duranlar isə sındırlmış onurğa ilə addımlayırdı, hakimiyyət isə onurğası slnmış ziyalıları könüllü olaraq zorlamaqda idi.

Bu gün İbrahimbəyov Azərbaycan qroteskinin təcəssümüdür və görünür ki, tənqidçinin adı-sanı ram edilən, hər gün Azərbaycan səhrasının Qara Günəşi tərəfə özünün zəhərli oxunu buraxan hakimiyyəti bərk narahat etməkdədir. Sual doğur, səhrada Qara Günəş kimi - hakimiyyətə İbrahimbəyovu siyasi səhnədən götürmək və onu İbrus teatr səhnəsinə qaytarmaq lazımdırmı? Bu ki asandan asan, sadədən sadədir, İbrahimbəyov Zanussi deyil, Kino Evini, imtiyaz, status, ordenləri ona qaytarın və o yenidən öz yerinə qayıdacaq... Vallah-billah

Eynulla Fətullayev

(məqalə haqqin.az saytından götürülərək rus dilindən “Qafqazinfo” tərəfindən tərcümə edilib)