“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

fovqelade-hallar-usaqlarin-gozu-ile-musabiqesinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 2041

Mayın 8-də Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə böyük ehtiramın bariz ifadəsi olan bu Sərəncamın böyük rəğbətlə qarşılandığını qeyd edib.

Nazir vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının öz dahisinə necə dərin və sonsuz məhəbbət bəslədiyini bir daha parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov çıxışında Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında danışıb, dahi rəhbərin zamana sığmayan misilsiz fəaliyyəti, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi yolunda atdığı qətiyyətli və tarixi addımlar barədə ətraflı məlumat verib:

“Dahi şəxsiyyət ömrünü bütövlükdə Azərbaycanın varlığına, onun müstəqilliyinin möhkəm dayaqlar üzərində bərqərar olaraq sürətli inkişafının təmin olunmasına sərf edib. Təsadüfi deyil ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövlər sosial-iqtisadi yüksəliş və tərəqqi dövrləri kimi tarixə qızıl hərflərlə daxil olub. Canından artıq sevdiyi Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər həm də vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması məsələlərinə xüsusi həssaslıqla yanaşıb, baş verən fəlakətlər zamanı daim vətəndaşların yanında olub, onlara hərtərəfli dəstək nümayiş etdirib, bütün aidiyyəti dövlət qurumlarını fəlakətlərin nəticələrinin aradan qaldırılmasına səfərbər edib”.

Çıxışında dahi rəhbərimizin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik fikirlərini xatırladan Kəmaləddin Heydərov əlavə edib ki, cəmiyyətimizin gələcəyi olan uşaqlara, o cümlədən şəhid övladlarına ulu öndər Heydər Əliyev daim böyük məhəbbət hissləri, diqqət və qayğı ilə yanaşıb, onların ən böyük himayədarı olub.