Mənə nişan verilən yerdəyəm, “Qutabxana”nın qarşısında... Burda bir hicablı xanım var, sevinə-sevinə qutab hazırlayır. Adını soruşana qədər, düzü, yanlış gəldiyimi düşündüm. “Bu o, ola bilməz” dedim. Çünki indi üzünə baxdığım qadın çox gəncdir. 30 yaşlı Simarə Aslan. Bəlkə, bu ad sizə heç nə demir. Elə bizə də... O ana qədər ki, Azərbaycanın görkəmli xalq artisti Siyavuş Aslanın gəlini olduğunu öyrəndik... Daha sonra Simarə ilə danışmağa başladıq açığı, bizimlə həmsöhbət olacağına inanmırdıq. Elə bu səbəbdən söhbətə aslanovlardan deyil, qutabdan başladıq...
Simarə Aslan Siyavuş Aslanın oğlu Eldar Aslanın 11 illik həyat yoldaşı olub. Hazırda iki azyaşlı uşağı ilə kirayədə yaşayaraq qutab satmaqla dolanır. Aslanovlar ailəsi ilə 1 il əvvəl rəsmi şəkildə əlaqələrini kəssə də, hələ də onların soyadını daşıyır.
“İki uşağıma görə gərək işləyəm də”
Aldadılan, əzilən və çətinliklə iki uşağa baxan Simarə Aslan bir aydır ki, qutab satdığını deyir: “Rəfiqəmin köməkliyi ilə buranı tapdım. Balaca dükan olsa da, müştərilər çox olur. Hər cür qutab satırıq. Siz də baxarsınız dadına. Məncə, xoşunuza gələcək. Allaha şükür qabiliyyətimə, təmizliyimə görə hamı məndən razıdır. Ramazanda buradakı istiyə baxmayaraq, orucu rahat tuta bildim. Bundan əvvəl çörək bişirilən yerdə işləyirdim. İki uşağıma görə gərək işləyəm də” .
Müsahibimizin çörək qazandığı məkan Nizami metrosunun ətrafında yerləşsə də, özü Xətai metrosunun yaxınlığında kirayə yaşayır: “İki uşağımla Xətaidə 120 manata kirayə qalıram. Oğlumun 10 yaşı var, qızımın isə 6. Uşaqları evdə saxlayıram. Mənim işləməyimə pis olurlar. Deyirlər ki, kaş evimiz olardı, anamız evdə bizə yemək bişirərdi. Çətində olsa, biz qadınlar dözürük. Çünki çox dözümlüyük. Məncə, kişilər belə bizim dözümlülüyümüzə paxıllıq edir.
“16 yaşlı kəndli qız 30 yaşlı şəhərli oğlanla evlənir”
16 yaşında Masallıda yaşayan Simarə Aslan məşhur aktyor Siyavuş Aslanın oğlu Eldar Aslanla elə orada tanış olur. Keçmiş həyat yoldaşı ilə tanış olarkən atası Siyavuş Aslanın məşhur olduğunu bilmədiyini deyir: “Özüm istədiyim üçün 16 yaşında evləndim. Amma onda ərə getməyin nə olduğunu belə bilmirdim. Masallıya qonaq gəlmişdilər. Eldar məndən 14 yaş böyükdür, biz evlənəndə onun 30 yaşı var idi. Sonra isə o istədi, biz də ayrıldıq. Onun istəyi ilə hicaba keçdim. Hətta indi mənə deyirlər ki, daha ayrılmısan da, hicabı aç. Deyirəm nə olsun ki, ondan ayrılmışam, Allahım üçün başımı bağlayıram. Biz Eldarla “mehriban düşmənik”. Ayrılsaq da danışırıq, görüşürük. Buna görə çoxları mənə deyir ki, böyük qadınsan. Neynəyim? Uşaqlara görə edirəm də, nə olsun ayrılmışam, uşaqlarımın atasıdır. Mənim bir xasiyyətim var. Dərdimi deyə bilmirəm. Üzüm gülür elə bilirlər ki, bəxtəvərəm. İnanın, özümü arsızlığa vurmuşam”.
“Özümü təhsilsiz olduğum üçün ittiham edirəm”
Bir ildən çoxdur rəsmən Eldar Aslanla boşandığını söyləyən qəhrəmanımız ayrılıq səbəbini təfərrüatı ilə danışmasa da, qarşı tərəfin deyil, özünün günahkar olduğunu qeyd edib: “İnsan üçün sevdiyi birindən ayrılmaq çox böyük zərbədir. 1 il iki aydır ki, ayrılmışıq. Özü hazırda Moskvadadır, imkan olanda bizə kömək edir. Əlindən gələni edir. Ayrılıq səbəbi məndən asılı olmasa da, günah məndədir. Çox çətindir vəziyyətim. Atam yaşamır, anam da ki, özü güclə dolanır. Çətinliyim olanda məni bu vəziyyətə qoyana üsyan edirəm. Kaş ki, məktəbi yaxşı oxuyardım. İndiki ağlım olsaydı min yox, milyon dəfə oxuyardım. Özümü təhsilsiz olduğum üçün ittiham edirəm. Çünki oxumağa həvəsim yox idi. İmkansızlıq və çarəsizlikdən oxumamışam. Bilirsiniz, mən Eldara sərt davrana bilmirdim. İstəmirəm yoldaşım pis vəziyyətdə qalsın. Sadəcə o pis olmasın...”
“Xətaidə beş otaqlı evimiz var idi”
Həmsöhbətimiz boşanandan sonra keçmiş həyat yoldaşının 5 ay onlara kirayə pulunda dəstək olduğunu deyir: “Düzü, boşanana qədər işləməmişəm. Xətaidə beş otaqlı evimiz var idi, yaxşı saxlayıb məni. Ayrılandan sonra bir neçə ay bizə baxdı. Kirayə pulumuza, yeməyimizə də kömək edirdi. Sonra onun işlərində problem oldu, mən başladım işləməyə. Ona bu barədə dedim və işləməyimə razı oldu. Mənzil onun olsa da, problemi oldu və ev əlindən çıxdı. Mən başa düşürəm ki, onun imkanı yoxdur. Necə məcbur edim ki, ev alsın. Kaş ki, mənim imkanım olardı, ona ev də alardım”.
“Siyavuş Aslanla münasibətim çox yaxşıdır”
Simarə Aslan məhkəmədə boşanarkən hamının onların mehriban şəkildə ayrılıqlarından şoka düşdüklərini və tezliklə barışacaqlarını deyiblər: “Onlar deyirdilər ki, belə ayrılıq olar? Eldar qərarını verdi, mən də heç nə demədim. O istədi, mən də ayrıldım. İstəyərdim ki, o mənə inansın. O gözləmədi ki, mən həqiqəti sübut edim, sanki onun ürəyindən idi. Bu qərarından sonra ailəsi nə deyə bilər ki? Siyavuş Aslanla münasibətim çox yaxşıdır. Uşaqları babaların yanına aparıram” .
“Ona get, evlən dedim”
Hazırda aktyorun oğlu Hacı Eldarın rəsmi evliliyi olmasa da, hələ çoxdan başqa bir qadınla qeyri-rəsmi münasibətdə olduğu deyilir. Amma Simarə xanım keçmiş həyat yoldaşının bütün səhvlərinə baxmayaraq yenidən qəbul etməyə hazır olduğunu söyləyir: “Mənimlə evli olan vaxtı başqa bir qadından qızı da var idi, amma indi ayrılıblar. Hələ o qadından övladı olmayanda mənə bu barədə dedi. Mən də “get, evlən” dedim. Elə bil mənim ağzımı gözləyirdi ki, evlən deyim və getsin. Amma mən istəmirəm ki, başından bir tük əskik olsun. Mən onu əvvəldən sevmişəm. Hər bir ailədə problem olsa da, mən onu sevmişəm. Ölən günümə qədər də sevəcəyəm. Bu hiss qalıb ürəyimdə. Mənə çətin də olsa, dözərəm. Həyatıma qayıtsa, mən onu qəbul edərəm. Bu qədər şeyə rəğmən uşaqlara görə qəbul edəcəyəm. Heyfsilənmirəm taleyimə”.
“Uşaqlar bilmirlər ki, boşanmışıq”
Niyə məni dəyişdi sualını heç vaxt özünə vermədiyini və bütün kişilərin bu cür olduğunu deyərək özünə həm təsəlli verir, həm də haqq qazandırır. O, bu an ancaq övladlarını, onların məktəbə necə gedəcəklərini düşündüyünü deyir: “Fikir məni götürüb ki, onları məktəbə necə yol salacağam. Atalarından nə istəyirlər, onlar üçün edir. Uşaqlar bilmirlər ki, boşanmışıq. Onların ağlına gəlmir ki, biz ayrılmışıq. O Moskvaya gedəndə qızım dedi ki, gəl bizdə qal. Yalandan dedi ki, artıq Moskvadayam. Bizimlə qalmaq istəmir də, mən yalvaran deyiləm ki... Uşaqlar hələ ki, dərinliyə getmirlər. Amma birdən soruşsalar, hər şeyi olduğu kimi danışaram” .
Həmsöhbətimdən ayrılanda, düzü, çox məyus idim. Çünki o yaşadıqları əzabları, çətinlikləri ifadə etməyə çəkinsə də, bütün bunları onun gözlərindən oxumaq olurdu. Amma o yenə də susurdu. Qadın olduğu üçün... İki uşağı üçün... Onları saxlaya biləcəyi gücdə olmadığı üçün bütün yaşadıqlarını unudub keçmiş həyat yoldaşına qayıtmaq istəyirdi. hətta sonradan söhbətimizə qoşulan rəfiqəsi kimi təqdim etdiyi qadın belə onun düşündüklərinə çox təəccübləndi. Elə biz də təkcə təəccüblənməklə kifayətləndik.
Ancaq bir şey var ki, Simarə kimi qadına bu dünyada ancaq bizim vətənimizdə rast gəlmək olar. Elə Simarə kimi qadını da, ancaq bizim məmləkətimizdə itirə bilərlər...
Görəsən, bunudamı Siyavuş Aslanın komediyası saymalıyıq?.. Aslanların tamaşaçılara acı gülüş bəxş eləyən həyat səhnəsi...
Günel Əbilova