Gürcüstan iyulun 1-dən bu ölkələrdən turist qəbul edəcək

gurcustan-iyulun-1-den-bu-olkelerden-turist-qebul-edecek
Oxunma sayı: 3730

Gürcüstan iyulun 1-dən etibarən ilk növbədə koronavirusun daha az yayıldığı ölkələrdən xarici turistləri qəbul etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib. O bildirib ki, turist qəbulu yalnız beynəlxalq tövsiyələrə və Gürcüstan Səhiyyə Nazirliyinin tələblərinə uyğun olaraq qəbul ediləcək.

“İlk növbədə koronavirusa yoluxma səviyyəsinin nisbətən aşağı olduğu ölkələr və nəqliyyat dəhlizlərindən gələn turistləri qəbul edəcəyik. Gürcüstana giriş və onların ölkə daxilində hərəkətlə bağlı xarici turistlərə bəzi tələblər açıqlanacaq”,- deyə Qamkrelidze bildirib. O həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan da daxil olmaqla qonşu ölkələrdə koronavirusla bağlı vəziyyəti yaxından izləyir.

Amiran Qamkrelidze qeyd edib ki, turistlərə qoyulan tələblərin yerinə yetirilməsi olduqca mümkün olacaq. Bunlardan birincisi koronavirusun aşkarlanmadığını təsdiqləyən test nəticəsidir. “Yəqin ki, turistlər üçün xüsusi COVID-19 pasportu təqdim ediləcək. Bu ölkəyə gələn turistin son 72 saat ərzində koronavirus müayinəsindən keçdiyini təsdiqləyəcək”,- deyə Qamkralidze sözlərinə əlavə edib.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın 15 iyun tarixindən etibarən daxili turizmi açmağı planlaşdırdığı açıqlanmışdı.