Gürcüstanda vəziyyət necədir?

gurcustanda-veziyyet-necedir
Oxunma sayı: 1316

Günlərdir Gürcüstanda hökumət əleyhinə keçirilən etiraz aksiyalarından sonra bu gün 20-dən çox müxalifət partiyası görüş keçirib.

“Qafqazinfo”nun gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, görüş iştirakçıları nümayişləri Rustaveli prospektində yerləşən Tbilisi şəhər Məhkəməsinin binası yaxınlığında davam etdirmək barədə razılığa gəliblər. Belə ki, sözügedən məhkəmədə ötən gün aksiya çərçivəsində saxlanılan 37 nəfərin işinə baxılacaq.

Müxalifətin parlament qarşısındakı mitinqi isə saat 19: 00-a planlaşdırılıb. Eyni zamanda, siyasi partiyaların rəhbərləri bildiriblər ki, aksiyaları təkcə parlament binası deyil, digər dövlət qurumlarının da qarşısında keçirəcəklər.

Müxalifət liderləri həmçinin, çərşənbə axşamı geniş miqyaslı etiraz mitinqinin tarixini elan edəcəklər və gələcəklə bağlı planlarını səsləndirəcəklər.

Xatırladaq ki, noyabrın 14-dən etibarən Tbilisidə parlament 2020-ci ildən qarışıqdan proporsional (partiyalar siyahılarına görə) parlament seçki sisteminə keçiddə dəyişiklik etmədiyinə görə etiraz mitinqləri keçirilir. Etiraz edənlər arasında müxalif deputatlar da var.

Etirazçılar hökumətin istefasını və proporsional əsaslarla erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər.