“Yağışlı gün idi, amma o, hazırladığı piramidanı paketdə gətirərək, mənə təqdim etdi və yarışa getdi. Bax, bu qədər intizamlı şagird idi Qurban”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun riyaziyyat müəllimi Gülnaz Hacıyeva Sportnet.az saytına müsahibəsində deyib.
O şagirdinin həndəsi biliyinin olduğunu deyib: “Çox gözəl, intizamlı, layiqli, təmkinli, təvazökar, məsuliyyətli, ağıllı şagird olub. O, məktəbin sevilən şagirdi, mən isə onun sevilən müəllimi olmuşam. Qurban Qurbanov əvvəlcə Aşağı Tala kənd 5 saylı orta məktəbdə təhsil alıb. Həmin məktəb natamam (o vaxtlar 8 illik, indi isə 9 illik - red.) olduğundan, təhsilini 3 saylı tam orta məktəbdə başa vurub. IX və X siniflərdə (indiki X və XI siniflərdə) riyaziyyat fənnini - cəbr və həndəsəni ona mən demişəm.
Qurban riyaziyyatı sevirdi. Halbuki, bu fənni hər insan öyrənə bilmir. Lakin onun gözəl həndəsi biliyi var idi. Eyni zamanda futbolçu kimi yarışlara da gedirdi. Bir dəfə həndəsi fiqur düzəltməyi tapşırmışdım. Yağışlı gün idi, amma o, hazırladığı piramidanı paketdə gətirərək, mənə təqdim etdi və yarışa getdi. Bax, bu qədər intizamlı şagird idi Qurban.
Biz sonradan ailəliklə Bakıya köçmüşük və hazırda paytaxtda yaşayırıq. Özüm “Qarabağ”ın bir çox oyununu stadiondan izləmişəm.
Amma bu müddətdə heç vaxt Qurbanla görüşməmişdik. Martın 8-də isə uzun illərdən sonra təsadüfən görüşdük. Biz ailəliklə Qurbanı sevirik. O da müəlliminin stadionda olduğunu bildi. Özünə xəbər çatdıqda oyundan sonra görüşdük. Halbuki mətbuat konfransına getməli idi. Bu səbəbdən, görüşümüz tələsik oldu və birlikdə şəkil çəkdirə bilmədik. Əvvəllər “Qarabağ”ın oyunlarında dəfələrlə olsam da, bunu özünə bildirməmişəm. Bu dəfə bildikdə mətbuat konfransını gecikdirərək, mənimlə görüşməyə qərar verdi”.
Qeyd edək ki, Misli Premyer Liqasının 23-cü turunda keçirilən “Qarabağ”- “Araz-Naxçıvan” (6:0) oyunundan sonra Qurban Qurbanov mətbuat konfransına gecikib. O bildirmişdi ki, buna səbəb 30 il sonra riyaziyyat müəllimi ilə görüşməsi olub.
Son xəbərlər
Son Xəbərlər