Məşhur komediyaçı Trevor Noanın zarafatı qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə “Qremmi” mükafatının təqdimetmə mərasimi zamanı baş verib.
Tədbirdə aparıcı olan Trevor Noa deyib ki, hər bir musiqiçi “Qremmi” mükafatını qazanmağı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı istədiyi qədər arzulayır.
“Bu da tamamilə məntiqlidir, çünki Epşteynin ölümündən sonra ona Bill Klintonla (ABŞ-nin 42-ci Prezidenti - red.) əylənmək üçün yeni bir ada lazımdır”, - Noa deyib.
Trampın bu zarafata reaksiyası da özünü çox gözlətməyib.
“Mən heç vaxt Epşteyn adasında və ya onun yaxınlığında olmamışam, bugünkü yalan və böhtan xarakterli bəyanata qədər heç vaxt bu məsələdə ittiham olunmamışam, hətta feyk media tərəfindən belə”, - ABŞ lideri “Truth” sosial şəbəkəsində yazıb.
Dövlət başçısı həmçinin aparıcını məhkəməyə verəcəyini bəyan edib: “Görünür, mən öz vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını məhkəməyə vermək üçün göndərməli və ona qarşı böyük məbləğdə iddia qaldırmalıyam. Hazırlaş, Noa, səninlə bir az məzələnəcəyəm”.
Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş, daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər