Həbsdə olan iş adamları şikayət verdi

hebsde-olan-is-adamlari-sikayet-verdi
Oxunma sayı: 676

“TexnikaBank”dan 45 milyon manat mənimsəməkdə təqsirləndirilən iş adamları – Rauf Kərimov və Cavidan Hacıyevin barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

“Qafqazinfo” xəbər verir ki, ittihama görə,“İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisiçisi Rauf Kərimov bir neçə şirkət yaradaraq onların adına “TexnikaBank”dan kredit götürüblər. Bu yolla R.Kərimov 25,8 milyon manat, C.Hacıyev isə 18,7 milyon manat kredit götürərək qaytarmayıb.

R.Kərimov məhkəmə prosesi zamanı mediaya müraciətində bildirmişdi ki, onun həbsi keçmiş MTN rəhbərliyi və Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istəyi ilə reallaşıb: “Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev və onun yaxın ətrafının göstərişi ilə həbs olunmuşam. Bu adam illərlə mənə təzyiqlər etdirdi, şər-böhtanla dəfələrlə məni hədələdi. İş o yerə çatdı ki, məni keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar, hədə-qorxu altında şantaj etdilər. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev məni şantaj etdi, hədə-qorxu gəldi və həmin idarənin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov məndən 1 milyon pulumu aldı. Keçmiş MTN şefi Eldar Mahmudov mənə məxsus “Çinar” kafesini qanunsuz şəkildə hədə-qorxu gələrək şəxsən özü əlimdən alıb”.

Dələduzluq, mənimsəmə, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və rüşvət verməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 13 il 11 ay, C.Hacıyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə bu gün, aprelin 7-də davam etdiriləcək.

Murad Əhməd