“Heç bir səbəb demədən polis maşınımı cərimə meydançasına apardı” - Açıqlama

hec-bir-sebeb-demeden-polis-masinimi-cerime-meydancasina-apardi
Oxunma sayı: 3939

 

Bakıda yaşayan İmişli sakini Valeh Məmmədov ona məxsus avtomobilin yol polisi tərəfindən qanunsuz şəkildə cərimə meydançasına aparıldığını iddia edir.

Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, bir neçə gün öncə “Memar Əcəmi” metrosunun yaxınlığında avtomobili xarab olduğu üçün yol kənarında saxlayıb: "Bu zaman yol polisi mənə yaxınlaşdı və heç bir səbəb göstərmədən maşınımın cərimə meydançasına aparılacağını dedi. Daha sonra hadisə yerinə iki Post Patrul Xidmətinin əməkdaşı da gəldi. Polislərdən biri maşına oturaraq bir neçə dəqiqəlik ərazidən uzaqlaşdı. Maşınımda pul var idi, lakin geri gələndə pul yerində deyildi.

Daha sonra isə DYP əməkdaşı yanımda oturdu və maşını Yasamal Rayon Polis İdarəsinə məxsus cərimə meydançasına sürməyimi tələb etdi. Bütün sənədlərimi və şəxsiyyət vəsiqəmi aldı. Mənə dedilər ki, maşının cərimə meydançasına aparılmağının səbəbini sabah deyəcəklər. 3 gün sonra ora getdim, mənə 150 manat cərimə yazdılar".

Şikayətlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, metronun "Memar Əcəmi" stansiyası əhatəliyində məqsədli şəkildə qayda pozan sürücülərə digər yerlərə nisbətən daha çox rast gəlinir: "Söhbət yol hərəkəti qaydalarının pozulmasından gedirsə, bu hamının gözü qarşısında baş verən hərəkətlərdir. Burda da operativ müdaxilə tələb olunur. Bakı Şəhər Baş Polis İdarəsinin nəzarəti altında keçirilən tədbir zamanı DYP əməkdaşları və ərazi üzrə post patrul xidməti ilə birgə qeyd olunan ərazidə ictimai qaydanı pozan, eyni zamanda bunu yol hərəkəti qaydalarını pozmaqla edən şəxslərlə bağlı tədbir keçirilib. Həmin sürücü də dəfələrlə qayda pozan intizamsız sürücü tarixcəsi olan şəxslərdəndir. Onun barəsində qanuni tədbir görülüb. Avtomobilinə  normativ tələblər pozulmaqla quraşdırılmış avadanlığa görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2 ci maddəsinin uyğun olaraq cərimə tətbiq edilib, həmçinin digər addımlarda qanuni şəkildə icra olunub. Bütün proses tam qanuni görülüb. Əgər narazılıq varsa, protokolu məhkəmə qaydasında mübahisələndirə bilər.

Bir daha ictimai qaydaları pozmağa cəhd edən, avtomobillərinə əlavə avadanlıq quraşdırmaqla ətrafdakı insanların həyat və sağlamlığına təhlükəli vəziyyətlər yaradaraq xuliqanlıq əməlləri etmək istəyən şəxslər bilməlidir ki, polis bundan sonra da həmin şəxslərə qarşı sərt mübarizə aparacaq".

Amin Nəzərli