“Heç kimin qabağında gözükölgəli deyilik”

hec-kimin-qabaginda-gozukolgeli-deyilik-
Oxunma sayı: 809

“Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik tariximiz bunu artıq dəfələrlə göstərib”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsindəki çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün erməni lobbisi ən böyük düşməndir: “Mən bunu deməkdən çəkinmirəm. Çünki bu, reallıqdır, bu, həqiqətdir. Onların, necə deyərlər, çirkli pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz yola təhrik edir. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. İkinci, Azərbaycana qarşı yanlış məlumatlarla dolu yazıların səbəbi isə ölkəmizin müstəqil siyasətidir. Müstəqil siyasət heç də hər kəsin xoşuna gəlmir. Biz qarşıya vəzifə qoymuşuq ki, müstəqil siyasəti gücləndirək, Azərbaycan xalqının maraqlarını təmin edək. Bəzi hallarda bizi hansısa məsələyə, yönəltmək, hansısa məsələdə mövqeyimizi yumşaltmaq naminə müəyyən dairələr bizə qarşı kampaniya şəklində hücumlar edirlər”.

Dövlət başçısı bəyan edib ki, belə hücumlar “Eurovision” ərəfəsində də, ondan əvvəlki dövrdə də olub: “Ancaq həqiqət ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik tariximiz bunu artıq dəfələrlə göstərib. Bütün bu səylər əbəsdir. Onların heç birinin bizim siyasətimizə təsiri olmayacaq. Ancaq bununla bərabər, əlbəttə ki, bu dairələr ölkəmiz haqqında müsbət imicə ləkə vurmaq istəyirlər. Ona görə səfirlərimiz, səfirliklərin nümayəndələri daim bu mətbu orqanları ilə əlaqədə olmalıdır, onların yanlış siyasətini onlara bildirməlidir. Bəzi hallarda bilməyərəkdən belə yazılar dərc edilir. Yəni, xarici media ilə münasibətlər daha da fəal olmalıdır və ölkə haqqında daha da dolğun məlumat verilməlidir - Azərbaycan necə inkişaf edir, Azərbaycanda iqtisadi, sosial məsələlər necə həll olunur, azadlıqlar necə təmin edilir”.

Prezident İlham Əliyev Azərbaycana gələn xarici qonaqlarla görüşdə rastlaşılan maraqlı faktı da açıqlayıb: “Bəzi hallarda mənim də qəbuluma gələn xarici qonaqlar da, mən onlara izah edəndə təəccüb edirlər ki, Azərbaycanda azad internet var?! Heç də hər bir ölkədə azad internet yoxdur. İndi misal üçün, bəzi ölkələr interneti məhdudlaşdırmaq, yaxud da ki, senzura tətbiq etmək haqqında fikirləşirlər. Bizdə azad internet var. İndi bizdə internetdən istifadə edənlərin sayı 65 faizə çatıb. Yəni, mətbuatı necə məhdudlaşdıra bilərik ki, bizdə internet azaddır və istifadəçilərin sayı artır. Bizdə bütün media azaddır. Sərbəst toplaşmaq azadlığı tam təmin edilir. Hər bir siyasi qüvvə getsin müəyyən edilmiş yerlərdə öz tədbirlərini keçirsin. Yaxın keçmişdə belə hadisələr olub. Sadəcə olaraq bu tədbirlərə heç kim gəlmir. Onun üçün bəzi siyasi qüvvələr Fəvvarələr meydanında, yaxud da ki, başqa mərkəzi yerlərdə bu nümayişləri keçirmək istəyirlər ki, hər hansı bir kanal gəlsin bunu çəksin və göstərsin. Biz bunu da bilirik”.

Dövlət başçısı deyib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən, vicdan azadlığı var: “Bəzi ölkələr Azərbaycandan ibrət götürməlidir. O ölkələr ki, islamofobiya meyillərini süni şəkildə gücləndirirlər, gəlsinlər bizdən öyrənsinlər, dinlərarası münasibətlər necə qurulmalıdır. Biz bunu təcrübə naminə etmirik. Bu, bizim həyat tərzimizdir. Amma belə olmalıdır. Bizdə necədirsə, bax, belə olmalıdır. Dini, milli zəmində heç vaxt nəinki qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz. Biz buna imkan vermərik. Ona görə vicdan azadlığı tam şəkildə təmin edilibdir. Siyasi fəaliyyətlə bağlı heç bir məhdudiyyət yoxdur. Azərbaycanda azad cəmiyyət var. Azərbaycana gələn xarici nümayəndələr, əgər qərəzsizdirlərsə bunu görürlər. Bu həqiqətlər ölkələrin ictimaiyyətinə çatdırılmalıdır ki, Azərbaycan haqqında dolğun məlumat verilsin. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur”.

Azərbaycan Prezidenti bəyan edib ki, heç bir təşkilat, heç bir beynəlxalq təşkilat Azərbaycan qarşısında şərt qoya bilməz: “Çünki bu, qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik. Heç kimdən yardım istəmirik. Onsuz da bilirik ki, heç kim bizə yardım etməyəcək. Çünki yardım lazım olan zaman kimsə gəlib bizə arxa durdu?! Yox. Bizim iqtisadiyyatımız çökəndə, Ermənistan torpaqlarımızı zəbt edəndə, bir milyona yaxın azərbaycanlını sürgün edəndə kimsə gəlib bizə kömək etdi?! Heç kim. Ona görə belə illüziyalar məndə yoxdur, çoxdan yoxdur. Belə olan halda ölkələrlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq. Biz beynəlxalq təşkilatlara könüllü şəkildə üzv oluruq. Əgər görsək ki, maraqlarımız orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan çıxa bilərik. Biz bu qərəzli mövqeni dəfələrlə görmüşük. Mən şəxsən görmüşəm. Mən bu qərəzli mövqenin, ikili yox, üçlü, bəlkə beşli standartların şahidiyəm. Heç nə dəyişməyib. Yəni 2000-ci illərin əvvəlindən bu günə qədər bu məsələ ilə bağlı heç nə dəyişməyib. Sadəcə olaraq Azərbaycan dəyişib. Azərbaycan güclənib. Azərbaycan o ölkəyə çevrilib ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir”.