Azərbaycanın tanınmış biznes-ledisi, bu yaxınlarda əkiz oğlanlar, Muhamməd və Hasanı dünyaya gətirən Ruhinin “Qafqazinfo”ya eksklüziv müsahibəsi
- Siz hamilə olanda biz istəyirdik ki, bu haqda yazaq və şəkillərinizi çəkib yayaq. Siz o vaxt bunu istəmədiniz. Bu yaxınlarda əkiz oğlan dünyaya gətirib ana olandan sonra isə mətbuatda sizin haqqınızda həqiqətəuyğun olmayan xəbərlər yaymağa başladılar.
- Mən şəxsi həyatımla gündəmə gəlməyi heç vaxt sevməmişəm. Həmişə nəyəsə aydınlıq gətirməyə çalışanda bu baş verib. Necə ki, indi də məcbur qalıb açıqlama verirəm. Bu mənim şəxsi məsələm və həyatımdır. Ana olmaq illər boyu düşündüyüm və arzuladığım bir şey idi. Bu hissi mən yaşamaq istəyirdim və şükürlər olsun ki, yaşadım. Düşünürəm ki, qadın üçün bundan böyük xoşbəxtlik yoxdur. Nə sevgi, nə həyat yoldaşı, nə də başqaları analıq hissini doğrulda bilməz. Çünki mən o hissi yaşadım və mənə heç nə qalib gələ bilmədi. Analıq sevinci mənim üçün o qədər müqəddəs idi ki... Bəlkə də, gözləmədən bu hissi yaşadım deyə mənim üçün əlçatmaz idi. Bu hissləri ifadə edə bilmirəm. Biləndə ki, ana olmağa hazırlaşıram, xəbəri hətta 3-4 ay mənə yaxın olan əzizlərimdən belə gizlətdim.
Mən hamiləliyimi açıqlamadım, heç yerdə görünmədim. Çünki, bu hamiləlikdir və burda qadın ana olmağa hazırlaşır. Bunu kimlərəsə deməyə nə ehtiyac var? Bəzi insanlar bunu deməklə kimlərəsə acıq verir, bəziləri özünü göstərir, bəziləri hətta bunu layihə (proyekt) kimi fikirləşir. Amma bu mənim həyatımdır, canımda olan bir şeydir. Bunu necə açıqlayım? Buna ehtiyac görmədim, çünki mənə məxsus olan bir şeydir.
- Xəbərsizlik də şayiələrə səbəb olur axı?
- Mənim haqqımda çox şey yazıblar. Mən uşaq dünyaya gətirməyə hazırlaşdığım bir vaxtda dedilər ki, Ruhi deputata ərə gedir. Bu qədər böhtana dözdüm mən. Bunu nəyə əsaslanıb yazırlar? Havadan götürüb söz yazmaq olmaz. Bu insanın şəxsiyyətidir, daxilidir. Mən bilirdim ki, belə böhtanlar haqqımda olacaq. Ona görə əvvəlcədən hazırlıqlı idim. Mən bütün hamiləlik dövrümü, hətta ana olmağımla bağlı prosesi də lentə aldırmışam. Lazım olanda da istifadə olunacaq. Bu adamlar yazır ki, Ruhinin ana olmaq şansı yox imiş. İndi mən sizə hamiləlik şəkillərimi və hələ ötən il bir neçə dəfə hamilə qalmağımla bağlı əlimdə olan həkim sənədlərini verirəm. Yəni mənim hamilə qalmaq problemim olmayıb. İndi bu sənədləri yayın və bu adamlar utansınlar. Axı belə əziz gündə kiminsə sifarişi ilə necə yaza bilərlər ki, əkizlər Ruhinin deyil və kimsə onun üçün uşaq doğub. Mən bildiyim qədər bu adamlar inanclı insanlardır. Budurmu inanclı insanın əqidəsi və bir qadın haqqında ağzına gələni, bilib-bilmədiyini yazması?
Mən Azərbaycan qadınıyam və ana olmuşam. Onların nə ixtiyarı var ki, bu əziz gündə mənə böhtan atsınlar. Uşaqlar mələkdir. Onların nə ixtiyarı var ki, mənim uşaqlarım haqqında belə böhtanlar yazsınlar. Bəli, mən fəxrlə deyirəm ki, onlar mənim uşaqlarımdır. Bunu yazanlar uşaqların gələcəyini düşünməlidirlər. Bunların məktəbi var, əsgərliyi var.
- Uşaqların atası ilə bağlı da müəyyən fikirlər səslənir.
- Hamı çox yaxşı bilir ki, onlar kimin övladıdır. Sadəcə mən etik qaydalara uyğun olaraq istəmirəm ki, nəyisə açıqlayım. Amma məni məcbur edirlər. Belə olsa, mən başqa cür danışaram. Məni heç kim, heç nəyə məcbur etməsin. O uşaqlar birinci olaraq mənim övladımdır. Düşünürəm ki, hələlik mətbuatın bunları dəqiqliklə bilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, uşaqlara toxunmasınlar. Mənim haqqımda çox danışırlar, danışsınlar. Mən onlara önəm vermirəm, amma uşaqlarıma toxunmasınlar. Bunu güzəştə getmərəm.
- Sizin ailə qurmağa hazırlaşdığınızı da deyirlər.
- Mən yeni ana olmuşam. Hələ ki, kişi barədə düşünmürəm. İndi ancaq övladları, onların tərbiyəsini düşünürəm. Ana olaraq bütün gücümü övladlarıma vermək istəyirəm. Açıq danışaq, mən tək qadınam. Bu səbədən həm kişi, həm də qadın olmalıyam. Buna görə də, həyatımda övladlarımdan başqa kişi olmamalıdır. Mənim həyatımda kişilərim övladlarımdır. Mən o qədər xoşbəxtim ki, heç nə məni kədərləndirə bilməz. Mən iki oğul anasıyam.
- Yeri gəlmişkən, səhhətiniz necədir? Deyirlər, sizi guya əsəblərinizdən dolayı qaranlıq otaqlarda saxlayırmışlar.
- Hər bir qadın doğuşdan sonra depressiyaya düşə bilər. Bir az sinirlərim yerində olmadı, ayağım şişmişdi. Qurban olum anama, mən həyatımı ona borcluyam, həmişə yanımda oldu, əziyyətimi çəkdi. Xəstəxanada olanda da mənimlə idi. Düzü, bir az xəstəxanadan gec çıxdıq, amma hər gün uşaqları görürdüm. Mənim əsəblərim hər zaman gərgin olub. Şükürlər olsun ki, qaranlıq otaqda filan qalmamışam. Qaranlıq dünyadan çoxdan çıxmışam. Hər bir qadına ana olmağı arzulayıram. Hələ də o hisslərin altındayam.
- Əkizləri nə vaxt göstərəcəksiniz pərəstişkarlara?
- Uşaqların şəkillərini mətbuata göstərməyəcəyəm. Onları ancaq mən və yaxınlarım görə bilər. Övladla tanınmaq olmaz, övladdan proyekt yaratmaq olmaz. Fikirləşmirəm ki, hansısa jurnala və ya sayta onların şəkillərini verəcəyəm. Bu barədə qətiyyən fikirləşmirəm. Mən hər gün övladlarımı qucaqlayıb, xoşbəxt ana kimi nəfəs alıram.