70-dən artıq yaşasa da, ömrü çiçək qədər oldu…

70-den-artiq-yasasa-da-omru-cicek-qeder-oldu
Oxunma sayı: 522

Həyatımda ilk dəfədir ki, insan yox, səs itirirəm…

İlk dəfədir ki, yalnız yeniyetmə assosiasiyası verən bir ad itirirəm- Zaur!

Bu ad mənim haradasa 18 yaşımla bağlıdır. 

Adamın ağlına necə gələ bilər axı, onun həyatındakı Zaur adlı biri artıq 74 yaşında ölər.

Haradasa iki həftə əvvəl sizin xəstələndiyinizi eşidəndə özümü o yerə qoymadım.

Yaxına buraxmaq istəmədim sanki…

“Kimdən küsdü cavanlığım”, deyə dodağımın altında zümzüməyə başladım.

Yadıma düşür ki, ikinci dəfə evlənməzdən qabaq sizinlə bir məclisdə rastlaşdıq…

Səhv etmirəmsə, bizim ikimizin də dostu Adil Əliyevin doğum günü idi – sentyabrın 25-i.

13 il əvvəl haradasa bu vaxtlar idi...

Sizdən toyumda yalnız bir mahnı oxumaq üçün gəlməyinizi rica etdim.

Hətta sözüm belə oldu ki, toyumda bir dənə “Cavanlıq” mahnısını oxuyub gedin.

Onda mənə dediniz ki, “Olar ki, mən “Cavanlığım”ı oxuyandan sonra da qalıb məclisdə iştirak edim?”

Mən həmin gün çox utandım. “Əlbəttə” deyib aradan çəkildim...

Toyda gördüm ki, siz “əbədi naparnik”inizi, Aftandil İsrafilovu da götürüb gəlmisiniz.

Siz həmin gün mənim ən sevdiyim mahnını - “Cavanlığım”ı oxuyanda fikirləşirdim ki, cavanlığım artıq bir dünya yaşayacaq…

Bir az əvvəl oturduğum masaya həm də sizin ölüm xəbəriniz gəldi.

Geri qaytarmaq üçün xeyli “müqavimət” göstərdik.

Dostlarım istəyir desin ki, “yalan söhbətdir”. Min dərədən su gətirirlər.

Mən də bu ölümə inanmaq üçün ciddi səy göstərmirəm.

Elə bu dəm qonşu masadan səs yüksəldiyini eşidirəm:

“Cavanlıq ölənə qədər qalaydı məndə...”

Bilmirəm sizin ölümünüzlə bağlı xəbəri niyə qonşu masadakı səsdən almalıydım?..

Səsiniz qonşu masadan gələndə artıq başa düşdüm ki, bu dünyanın ən cavan adı - “Cavanlığ”ın möhtəşəm Zauru yoxdur.

Zaur, ilk dəfə ifadə edirəm.

Bu gün insan yox, Azərbaycanda bir səs öldü…

Mən dövlətimin yerində olsaydım, həm də itirdiyim bir səs qəbiristanlığı yaradardım…

Axı bu adamlar həm də səs olaraq yaşayırlar...

Əslində, bilirəm ki, “Cavanlığım” bütün dövrlərdə, hətta qocalığın məndən alıb apardığı illərdə belə yaşayacaq...

Zaur, siz də gözə girmədiyiniz, cırmaqlamadığınız qədər öz yerinizdə “Ömrü çiçək qədər oldu”, deyib əbədi yaşayacaqsız…

Elbrus Ərud