Prezidentin missiyası və ümummilli şadyanalıq fenomeni haqda
Cəmiyyətimizdə uzun illər başlıca mövzulardan biri olmuş Ramil Səfərovun bugünkü eyforik tarixçəsində iki çox vacib məqama diqqət yetirmək lazım gəlir. “O kimdir: qəhrəman, qurban, yoxsa cinayətkar?” mövzusundakı debatları bir kənara qoyaq. Bu barədə çox yazılıb və bu mövzuya yəqin ki, hələ dəfələrlə qayıdılacaq.
Ramil Səfərovun eyni vaxtda həm ekstradisiya, həm də əfv edilməsi məsələsinin sırf hüquqi tərəflərini də bir kənara qoyaq. Bu məsələ yurisprudensiya sahəsindəki ekspertlərin səlahiyyətindədir və siyasi debatlar mövzusudur.
Şəxsən dövlət başçısının özünün Ramil Səfərovu vətənə qaytardığı, ona azadlıq bəxş etdiyi, bütün ölkənin isə sevinib bunu alqışladığı indiki günlərdə mən iki mövzuya qısaca toxunmaq istəyirəm:
1. İlham Əliyevin şəxsi missiyası - onun motivləri, risk və dividentləri;
2. Ümummilli şadyanalıq fenomeni və Ramil
Səfərovun qəhrəmanlaşdırılması
İlham Əliyevin şəxsi missiyası
Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıq şəkildə etiraf etdi ki, Macarıstanla Ramil Səfərovun ekstradisiyası məsələsi ilə bağlı “prezident İlham Əliyevin ciddi nəzarəti altında bir il idi gizli danışıqlar və yazışmalar gedirdi”. Novruz Məmmədovun sözlərinə görə, Ramil Səfərovun azad edilməsi məhz prezidentin şəxsi xidmətidir.
Yeri gəlmişkən, Novruz Məmmədovun bu etirafı olmadan da Azərbaycanda və onun hüdudlarından kənarda hamıya aydındır ki, bu məsələdə məhz İlham Əliyev açıq-aşkar maraq, iradə və qətiyyət göstərdi. Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiya və azad edilməsi prezidentin şəxsi missiyası idi və o, bu missiyanın öhdəsindən çox gözəl şəkildə gəldi.
Belə mürəkkəb missiyanın altına girməyi şərtləndirən bəzi motivləri sadalaya bilərik:
* İstənilən mürəkkəb məsələnin, o cümlədən Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ekstradisiya və əfv olunması probleminin həllinin Azərbaycan dövlətinin və onun prezidentinin gücü və imkanları daxilində olduğunu bütün dünyaya, ilk növbədə isə düşmən Ermənistana göstərmək;
* Dövlət başçısının harada məskunlaşmasından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının hüquqlarının, azadlığının və təhlükəsizliyinin qarantı olduğunu, onun öz şüarına - “hər bir vətəndaşın prezidenti olmaq” şüarına sədaqətli olduğunu Ramil Səfərov nümunəsində hamıya sübut etmək;
* Bu missiyanın uğuru ilə öz mövqelərinin əksər məsələlərdə, o cümlədən Ramil Səfərov məsələsində sarsılmaz olmasına möhkəm inanan Ermənistanın ictimai-siyasi və diaspor qüvvələrinin reputasiyasına və lovğalığına hiss olunacaq dərəcədə güclü zərbə vurmaq, Azərbaycan diplomatiyasının üstünlüyünü və Azərbaycanın dövlət başçısının nəhəng imkanlara malik olduğunu ermənilərin hamısına göstərmək;
* Ramil Səfərovun azad edilməsindən sevinən xalqda işğal altındakı torpaqlarımızın da tezliklə azad ediləcəyi məsələsində nikbin ruh və əminlik yaratmaq, xalqın Milli Ordunun və Azərbaycan dövlətinin imkanlarına inamını gücləndirmək;
* Prezident seçkiləri ərəfəsində cəmiyyətə güclü pozitiv impuls vermək və vətəndaşların əhəmiyyətli hissəsinin etimad və dəstəyini qazanmaq.
Aydın məsələdir ki, prezident İlham Əliyev Ramil Səfərovun nəinki təkcə ekstradisiyası, eləcə də onun dərhal və tam şəkildə əfv olunması məsələsi ilə bağlı olan riskləri də görür və bilirdi. Əlbəttə, bu faktla bağlı narahatlıq hissi beynəlxalq dairələrdə xüsusilə də Ermənistanın isterik reaksiyası sayəsində hələ uzun müddət ifadə ediləcək və prezidentin bu qərarı hələ xeyli müzakirə və mühakimə olunacaq.
İndi bəziləri belə sual verir: əfv məsələsində tələsməmək, Ramil Səfərovu bir neçə ay və ya il Azərbaycan həbsxanalarında saxlamaq, məhbəsdə ona hətta 77 dinc sakinin qatili olan norveçli Breyvikdən də lüks şərait yaratmaq daha yaxşı olmazdımı?
Əvvəla, bir neçə aylıq və ya illik həbs məsələsi vəziyyəti heç bir halda əhəmiyyətli şəkildə dəyişməyəcəkdi. Ermənistan ekstradisiya məsələsində bütün hallarda səs-küy salacaqdı. Gecikmiş əfv isə yenə də həmin ermənilərin səyləri və ötürməsi ilə müəyyən beynəlxalq çevrələrdə anlaşılmazlıq və narazılıq yaradacaqdı.
İkincisi, əfv qərarının gecikdirilməsi İlham Əliyevin bu şəxsi missiyasının dəyərini xeyli dərəcədə azalda, cəmiyyətdə narazılıq, məyusluq və “Prezident nədən qorxdu? O, niyə qətiyyətli qərar vermədi? və s. bu şəkilli şübhə dolu suallar yarada bilərdi.
Beləliklə, Azərbaycan dövlətinin avtoritar üslubunu və bizim hakim elitanın volyuntarizmə (şəxsi iradə ilə hərəkət etməyə) meylliliyini nəzərə alanda prezidentin bu qərarı tamamilə məntiqi qərardır. Bu qərar cəmiyyətin gözləntilərinə cavab verib onun ümidlərini doğrultdu və prezidentin şəxsi missiyasını uğurla başa çatdırdı.
Ümummilli şadyanalıq fenomeni
Ramil Səfərovun ekstradisiya və azad edilməsi barədəki gözlənilməz xəbər bütün Azərbaycan boyunca miqyasına və dərəcəsinə görə çox heyrətamiz olan ümummilli şadyanalıq fenomeninin təzahürlərini doğurdu. İnsanlar ürəkdən sevinirlər; bu şad xəbəri hamı ilə paylaşmağa tələsirlər; bir-birlərini təbrik edirlər; öz əzabkeş qəhrəmanları Ramil Səfərovu görməyi arzulayırlar; ermənilər üzərindəki bu simvolik qələbənin təntənəsini yaşayırlar; özlərinə Qarabağ probleminin də həll olunacağına dərin inam hissi təlqin edirlər; öz dövlətləri və onun başçısı ilə fəxr eləməyə başlayırlar...
Güman edirik ki, bu, təkcə Ramil Səfərovun özünün şəxsiyyəti və əməli ilə bağlı deyil. Çoxları anlayır ki, yatmış adamın öldürülməsi, - o, hətta düşmən olsa və öz təhqirləri ilə bizim gənc zabiti affekt vəziyyətinə salsa belə, - yaxşı hərəkət deyil və bu əməl Ramil Səfərovun qəhrəmana çevrilməsinə əsas verə bilməz. Lakin eyni zamanda cəmiyyət bunu da anlayır ki, Ramil Səfərov üzərində qurulan məhkəmədə hisslər amili rol oynamışdı, verilən hökm isə həddən artıq qəddar və ədalətsiz idi.
Cəmiyyət dərk edir ki, hətta yüzlərlə və minlərlə günahsız insanların ölümünə bais olan hərbi cinayətkarlar və ya çoxsaylı vəhşiliklər törətmiş anadangəlmə canilər də bir çox hallarda qısamüddətli həbs cəzasına məhkum edilirlər. Ramil Səfərova münasibətdə yol verilmiş ədalətsizlik, üstəlik, onun öz əməlinə görə artıq 8 il yarım həbs cəzası çəkməsi faktı zabitin imicini neqativ məqamlardan faktiki olaraq təmizlədi və onun taleyinə və iztirablarına ümumxalq diqqətinin formalaşmasına yardım etdi. Bu isə öz növbəsində ictimai şüurda Azərbaycan xalqının və onun bayrağının şərəfinin müdafiəsinə qalxdığı üçün həbsxanada çürüyən qəhrəman əzabkeş obrazının yaranmasına gətirib çıxardı.
Lakin bu məsələnin başqa tərəfi də var. Belə bir qəhrəmanın meydana çıxması zamanın və şəraitin tələbi idi. Onu zaman və şərait yetişdirmişdi. Torpaqlarının 20 faizini itirən və 1 milyona yaxın qaçqını olan xalq uzandıqca uzanan məğlubiyyət sindromundan yorulub. Ciddi sosial, iqtisadi, hətta siyasi problemlərin yükü altında əzilən xalq çoxsaylı bəyanat və açıqlamaların əksinə olaraq bu məğlubiyyət sindromunu unutmayıb. İtirdiyi torpaqların ağrısından qurtulmayıb, düşmənə münasibətdə amansızlıq və qisasçılıq hissindən azad olmayıb. Xalq qəhrəmanlardan və qələbələrdən ötrü darıxıb. Özü də idman qələbələrindən ötrü yox, milli qələbələrdən ötrü...
Bu məqamda iki il əvvəl bir döyüşdə onlarla ermənini öldürüb özü də qəhrəmancasına həlak olan gizir Mübariz İbrahimovun bu igidliyinə cəmiyyətin necə böyük ruh yüksəkliyi ilə və həmrəyliklə reaksiya verdiyini yada salaq. Mübariz İbrahimovun dəfni əzəmətli və təntənəli mərasimə, adı isə vətənpərvərliyin və qəhrəmanlığın sinoniminə çevrildi.
Cəmiyyətdə qələbələrə, vətənpərvər əməllərə və milli qəhrəmanlara nəhəng ölçüdə sosial-psixoloji tələbat var. Ramil Səfərov və onun tarixçəsi zamana, şəraitə uyğun gəldi, yerinə düşdü. Elə prezidentin bu şəxsi missiyası da yerinə düşdü. Bunların davamı olacaqmı?
Eynulla Fətullayev, haqqin.az