Onu hamı İlqar Verdiyevə görə tanıyır. İlqar Verdiyev minaya düşən komandirini xilas etmək üçün gedib və özü də minaya düşüb deyirdilər. O kim idi? İlqar kimə görə minaya düşüb həyatını itirmiş? Həmin zabiti tapmaq, onunla danışmaq istədik.
Söhbət iyunun 9-dan 10-na keçən gecə Goranboyda minaya düşən zabitimiz mayor Zahir Məmmədovdan gedir. Elə həmin vaxt zabitimizin ayağı dizindən 5-10 sm yuxarıdan ambutasiya olunub.
Zahir Məmmədovla elə xəstəxanada olarkən danışmaq istəyirdim. Niyəsə alınmadı. Düzü, bu gün həmin vaxt getməməyimə çox peşman oldum. Çünki yaralı zabitimizin gözü ancaq qapıda olub. O kimlərinsə sadəcə diqqətini görmək üçün yolunu gözləyib. Hələ də gözləyir… O gündən isə 3 ay keçib.
Zabitimizin Sumqayıta, qardaşı gilə gəldiyini bilən kimi görüşməyə getdim… 34 yaşlı Azərbaycan Ordusunun mayoru ayrılmaz dostları - çəlikləri ilə bizi qarşılayır…
“Minaya düşəndən sonra sürünə-sürünə səngərə çatdım”
Həmin günə qayıtmaq nə qədər çətin olsa da, elə oradan başlayırıq. Həmsöhbətim deyir ki, biz hərbçiyik və hər vaxt müəyyən tapşırıqları yerinə yetirməyə hazır olmalıyıq. Necə ki, həmin gün də bunu etdik: “ Müəyyən işlər var ki, onu gündüz görürdük, amma bəzilərini gecəyə saxlayırdıq. Gecə saat 12 radələrində İlqar Verdiyevlə bir yerdə tapşırıq yerinə yetirirdik. Həmin ərazidə minanın olduğunu dəqiq bilmirdik. İlqar Verdiyevdə minanın olduğunu xəbər verən aparat var idi. Niyəsə bu dəfə aparat minanı tutmadı. O, əlində aparatla qabaqda gedirdi. Mən isə keçəndə minaya düşdüm. Onlara dedim ki, arxaya düz geri çəkilin. Sürünə-sürünə təxminən 10 metr gələlərək səngərə çatdım. Bilmirəm İlqar neçə çəkilibsə, minaya düşüb. Mənimlə yaxın məsafədə idi. Səngərə çatmağına, bəlkə, 2 metr qalmışdı. Hətta yadıma gəlir ki, mina necə partdadısa, torpaq üstümə töküldü”.
“İlqar Verdiyevin ölümündə adımın hallanmasına…”
Zahir Məmmədov İlqar Verdiyevin həqiqətən də onunla çiyin-çiyinə döyüşdüyünü, amma onun ölümündə adının hallanmasına pis olduğunu deyir: “Bir daha deyirəm ki, İlqar və bir neçə əsgərlə ordaydıq. Mən minaya düşəndə onlara qayıdın, əmrini verdim. O, qayıdarkən minaya düşdü… Sarıcalıda xəstəxanada bir yerdə idik. Gördüm ki, İlqarın qolu çiynindən yoxdu, çox pis idi… Əməliyyatdan sorna bir otaqdaydıq. Hətta o, həkimlə bir iki kəlimə danışdı da. Deyirlər ki, İlqar gözünü açarkən ilk soruşduğu sual bu olur. “Zahir sağdır”?
“Həkimlər söz veriblər ki, protezi özləri qoyacaqlar”
Zabitimizin protezsiz olduğunu görüb və onu müalicə edən həkimlərin sözünü xatırlayıb niyə protezsiz olduğu ilə maraqlanırıq. Oxucularımızın diqqətinə çardırım ki, həkimlər həmin vaxt xəstəxanadan protez qoyulandan sonra buraxılacağı barədə açıqlama veriblər. Mayor Məmmədov isə bunun vaxtla bağlı olduğunu bildirib: “Həkim dedi ki, yaranın sağalma müddəti var. 4-5 ay keçməlidir ki, yara tam sağalsın. İndi qoysaq, sonra əziyyət çəkərsən. Ona görə əziyyət də olsa, bir müddət belə gəzirəm. Sonra söz veriblər ki, özləri protezi qoyacaqlar”.
“Bir ayağı olmasa da, orduda xidmət etmək istəyir”
45 gün xəstəxanada qalan zabitimiz, nəhayət, iyulun son günlərində məzuniyyətə çıxır və Kürdəmirə gedir: “Hələ tərxis olunmamışam. Xəstəxanadan çıxan kimi məzuniyyət götürdüm. Oktyabrın 25-i məzuniyyətim bitir. Sonrası isə ondan sonra məlum olacaq”.
Bir ayağı olmayan zabitimiz orduda qalmaq istəyir, amma o, təəssüf ki, xidmətə yarasızdır: “Mən tərxis üçün müraciət etməmişəm, xidmət etmək istəyirdim. Amma həkimlərin xəstəliyin nəticəsi olaraq verdiyi qərara görə, xidmətə yararsızam. Daha doğrusu, sülh vaxtı yararsız, döyüş vaxtı isə yararlı hesab olunuram. Mən dəfələrlə şifahi müraciət etmişəm ki, xidmət etmək istəyirəm. Yazılı müraciətimə isə hələ ki, icazə vermirlər”.
“Sumqayıta kirayə qalmağa gəlib”
Zahir Məmmədov 16 ildir ki, döyüş bölgələrində xidmət edir. Ailəsini hər yerə özü ilə bərabər aparan zabitimizin son dayanacağı Naftalan olub. İki gündür ki, Kürdəmirdən Sumqayıta gəlib. Onun da digər hərbçi yoldaşları kimi evi yoxdur və Sumqayıtda kirayə qalmağı planlaşdırır: “Tərxis şöbəsinə sənədlərim verilib. Qanunda müstəqil yaşayış yeri seçmək hüququ var, ümid edirəm ki, mənə mənzil verəcəklər. Qanunda var ki, mənim kimi əlilləri növbdənkənar mənzillə təmin etsinlər. Hələ ki, məzuniyyətdəyəm. İnanıram ki, dövlətimiz məni belə qoymayacaq. İndi qardaşımgildə qalıram. Amma elə burada kirayə qalacağam. İki uşağım var. Birinin 6, digərinin isə 2 yaşı var”.
“Heç kimin saymadığı ordumuzun 16 illik zabiti”
Hazırda maddi vəziyyətinin çətin olduğunu söyləyən zabit bir təhər dolandığını etiraf edir: ”Xəstəxanadan sonra rayonumuza Kürdəmirə getdim. Mollakənddə bir aya yaxın qaldım. Amma kənddə qalanda icra nümayəndələrindən heç kim məni saymadı, maraqlanmadılar.
Vətəndaşlar mənimlə maraqlanmaya bilər, amma onlar dövlət adamı olaraq borcludurlar. Heç salam verən də olmadı. Xəstəxanada olanda müəyyən adamlar gəlirdi. Zabit dostlarım sağ olsun, çox maraqlandılar.
Sosial vəziyyətimə gəlincə isə, məzuniyyətdə olduğum müddətdə maaşım hesabıma köçürülür. Bir fərq var ki, döyüş bölgəsində olarkən qan pulu verirdilər, indi onu vermirlər.
İlk tibbi xidməti də həkimlər gələnə qədər özüm etdim
Zabitimiz təkcə ona sevinir ki, nəfəs alır və ailəsinin başındadır. Çünki o daha dəhşətli hadisələri gözə alıb xidmətə başlamışdı: “Minaya düşdüyüm an salamat qurtaranda şükür etdim. İndiki halım şükürlüdür, mən daha dəhşətlisini gözə almışdım. Evə zəng vurdum dedim ki, vəziyyət belədir. Ailəm Naftalanda mənimlə bərabər qaldığı üçün qardaşlarıma dedim ki, gedin, uşaqları götürün. İlk tibbi xidməti də həkimlər gələnə qədər özüm etdim. Təsəvvür edin 10 metr süründüm və orada hər an minaya düşə bilərdim. Amma sağ-salamat səngərə çatdım. Allahın möcüzəsi idi. Hələ ki, neçənci qrup əlil olduğumu belə bilmirəm. Gözləyirəm məzuniyyətim bitsin, sonra maraqlanım. Mən belə olmasaydım xidmət edrdim, öz kefimdən belə olmamışamki? Xidmət edə bilmirəm… Bu səbəbdən heç kimə müraciət etmək istəmirəm…
“O, bu orduya, xalqa xidmət edib…”
Bu zaman zabitimizin böyük qardaşı Tahir Məmmədov söhbətə qoşulur. Kiçik qardaşının bütün yükü üzərində olan Tahir Məmmədov ona göstərilən laqeyd münasibətdən narahat olduğunu ifadə edir: “Düzü, Zahiri bu vəziyyətdə heç kimin saymamağı adama təsir edir. O, bu ordu üçün, bu xalqa xidmət edib də. Bizim istəyimiz odur ki, onun yaşayışı yaxşı olsun. Biz istəmirik ki, kimsə bizə çörək versin. Heç kimlə işimiz yoxdur. Dövlətdən sadəcə istəyimiz budur ki, bunun təyinatını versinlər. Kürdəmir rayonun icra başıçısı, Mollakənddəki icra nümayəndəliyinin Zahirlə bir dəfə də maraqlanmaması adama pis təsir edir. Heç düşünmədilər ki, bizi qoruyan oğlanın nəyi çatmır. Onların borcudur ki, Milli Ordunun zabitinin vəziyyəti ilə maraqlansınlar. O, bir aya yaxın Kürdəmirdə kənddə qaldı, əziyyət çəkdi. İndi də düşündük ki, bu vəziyyətdə kənddə qala bilməz. Bunun qışı var, soyuğu var…”
“Dünən Zahirə zəng vurublar ki, filan texnikanı işə sala bilmirik”
Qardaşı Zahirin orduya yararsız olsa da, nazirlik daxilində təlim-tədris korpusunda və ya baş hərbi məktəblərdə müəllim işləyə biləcəyini qeyd edib: “Dünən Zahirə zəng vurublar ki, filan texnikanı işə sala bilmirik necə edək? Hər gün zəng vurmaqla deyil ki, onun potensialından istifadə etsinlər. Bunun bir yolu olmalıdır”.
“Ata, nə vaxt gəlirsən?”
Tahir Məmmədov həmin gün Zahirin evdən çıxarkən qızının “ata, nə vaxt gəlirsən?” sualına qardaşının “Allah bilir” cavabını da bizimlə bölüşdü: “Xəstəxanaya gedib Zahiri görəndən sonra ailəsinə zəng vurdum ki, Gəncəyə toya gəlmişik, sizi də aparıram. Xanımının isə mənə cavabı bu oldu: “Denən ki, Zahirə nəsə olub”. Onlar Zahirin hər an təhlükədə olduğunu bilirdilər.
Sumqayıtdan qayıdarkən Azərbaycan Ordusunun qəhrəman zabitinə qarşı laqeyd münasibətin səbəbini özüm üçün tapmağa çalışırdım. Ancaq nə fikrləşirdimsə, sonda Zahir Məmmədovun “Vətən üçün hər şeyi gözə almışıq, mən qaydıb xidmət etmək istəyirəm”-arzusu haqqında düşünməyə məcbur olurdum. Bu necə zabitdir görəsən? Öz xidmətinə Zahir Məmmədov kimi bağlı zabit dünyanın hansı ölkəsinin ordusunda var? Və Zahir Məmmədov kimi zabitə laqeyd münasibət də yəqin ki, dünyanın heç bir yerində yoxdur. Hər ikisi bizdədir. Daha nə istəyirik ki…
Günel Əbilova