İmişlidə Zərifə Əliyevanın 103-cü ildönümü ilə bağlı tədbir keçirildi - Fotolar

imislide-zerife-eliyevanin-103-cu-ildonumu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 300

Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Sonra Zərifə Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi və çoxşaxəli fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik özünəməxsus dəst-xətti olan novator alim kimi böyük iz qoyub.

O, elmi-pedaqoji fəaliyyətində yalnız çoxşaxəli tədqiqatlar aparmaqla kifayətlənməyib, eyni zamanda yüksəkixtisaslı gənc kadrların hazırlanmasına və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirib. Bildirilib ki, Zərifə Əliyeva yüksək insani keyfiyyətləri özündə birləşdirən qayğıkeş ana, peşəkar həkim və dünya şöhrətli alim kimi cəmiyyətdə böyük nüfuz qazanıb.

Onun zəngin həyat yolu və elmi fəaliyyəti yeni nəsil üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında mühüm rol oynayıb. Çıxış edənlər akademikin oftalmologiya sahəsinin formalaşması və inkişafındakı xidmətlərini xüsusi vurğulayıb, onun ömrünün sonuna qədər həm ailəsinə, həm də tələbələrinə yol göstərən, elmin inkişafına töhfə verən əbədi bir mayak kimi yadda qaldığını qeyd ediblər.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.