İmtahan başa çatdı - Yenilənib

imtahan-basa-catdi
Oxunma sayı: 4944

Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, imtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

***

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, imtahanda 46169 şagirdin iştirakı gözlənilirdi.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.