ABŞ-nin Apple korporasiyası “iPhone 16” seriyalı smartfonlarını təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, təqdimat şirkətin saytında yayımlanıb.
Təqdimatda “iPhone 16”, “16 Plus”, “16 Pro”, “16 Pro Max” yeni nəsil smartfonlar nümayiş olunub.
Yeni “iPhone 16” yenilənmiş dizaynla çıxıb. Belə ki, şirkət kamera linzalarının yerini dəyişib. Cihaz maksimum 2000 nit parlaqlığa malik 50 faiz daha davamlı ekrana malikdir.
Ən nəzərə çarpan dəyişiklik displeylərin artımı olacaq: müvafiq olaraq 6,1-dən 6,3-ə və 6,7-dən 6,9-a qədər. Bunlar “iPhone” tarixindəki ən böyük ekranlardır.
Telefonlar süni intellekt (AI) dəstəyi ilə yeni A18 prosessoru ilə təchiz edilib. Onun “iPhone 15”də istifadə olunan A16 çipindən 30 faiz daha sürətli olduğu qeyd edilib. Smartfonların operativ yaddaşının miqdarı açıqlanmır.
“iPhone 16” və “16 Plus” ikili kameraya malikdir. Əsas modulun təsviri 48 meqapiksel, ultra geniş bucaqlı modulun təsviri 12 meqapikseldir.
“iPhone 16”nın qiyməti 800 dollar təşkil edib. “iPhone 16 Plus” modeli 900 dollar, “16 Pro” 999 dollar, “Pro Max” isə 1199 dollar qiymətləndirilib.