İrəvandan İstanbula uçanlar “hava vergisi”ndən azad olundu

irevandan-istanbula-ucanlar-hava-vergisinden-azad-olundu
Oxunma sayı: 2038

İrəvan-İstanbul-İrəvan reysinin sərnişinləri 3 il müddətinə “hava vergisi”ndən azad ediləcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Aviasiya Baş İdarəsi yayıb.

Bu cür güzəştlər son 12 ay ərzində uçuş həyata keçirilməyən istiqamətlər üzrə reys təşkil etməyə başlayan aviaşirkətlərə təqdim edilir.

29 mart 2009-cu il tarixindən etibarən Ermənistandan gedən bütün şəxslər (12 yaşınadək uşaqlar, tranzit sərnişinlər, Böyük Vətən Müharibəsi əlilləri, iştirakçıları və veteranları, Böyük Vətən Müharibəsində həlak olanların həyat yoldaşları, Ermənistanın milli qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanları istisna olmaqla) bilet alarkən onlardan “hava vergisi” tutulur. Vergi biletin qiymətinə daxil olur.

Qeyd olunur ki, “hava vergisi” Ermənistanda 10 ildən artıqdır ki, qüvvədədir və aviabiletlərin qiymətinə daxil olan 10 000 dram (təxminən 20,9 dollar) sabit tarifdir.

Xatırladaq ki, “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reysini yerinə yetirmək üçün Türkiyə hökumətindən icazə alıb. İlk uçuş fevralın 2-nə planlaşdırılır. İstanbuldan İrəvana reyslər isə Sabiha Gökçen hava limanından “Pegasus” aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.