İsa Qəmbər qayıdır?

isa-qember-qayidir
Oxunma sayı: 10546

Növbəti qurultayda Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər yenidən rəhbərliyə qayıda bilər.

Belə bir iddia ilə sosial şəbəkə hesabında jurnalist Azər Rəşidoğlu çıxış edib. Onun paylaşımı müzakirələrə səbəb olub. 

“Qafqazinfo” olaraq məsələ barədə Müsavat partiyası ilə əlaqə saxladıq. Partiyanın sədr müavini Fərəc Kərimli bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Kimlərsə bilərəkdən Müsavat partiyasını, müsavatçıları belə lazımsız müzakirələr, mübahisələrə cəlb etmək istəyir. Partiyanın qurultayla bağlı qərarı yoxdur və qurultayın vaxtına iki il var. Müsavat partiyası qurultay barədə qərar verərsə, bunu özünün internet resursları ilə bəyan edəcək, ictimaiyyətə açıqlayacaq. Hazırda belə bir müzakirə də yoxdur. Məncə, bu, Müsavat partiyasını istəməyən qüvvələr tərəfindən təşkil olunmuş kampaniyadır. Partiyada belə bir müzakirənin getmədiyi, qərarın olmadığı halda bu cür müzakirələri başlatmaq heç də xoş niyyətdən xəbər vermir”.

O qeyd edib ki, Müsavat partiyasının başqanı Arif Hacılı bu gündən Brüsseldə səfərdədir və Avropa İttifaqının təşkil etdiyi Ukrayna müharibəsi, təhlükəsizlik və digər məsələlərlə bağlı müzakirələrdə iştirak edir: “O, Azərbaycandan bu görüşə dəvət alan yeganə siyasi partiya rəhbəridir. Bu, həm də partiyanın işlərinin normal, axarında getdiyi vaxtda müsavatçıların belə lazımsız söhbətlərə cəlbetmək cəhdidir”.

Eldar Tanrıverdi