İsrail “Hizbullah” düşərgələrini vurdu

israil-hizbullah-dusergelerini-vurdu
Oxunma sayı: 225

İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində, Baalbek rayonunda “Hizbullah”ın “Radvan” elit xüsusi təyinatlı qüvvələrinə məxsus 8 hərbi düşərgəni hədəf alıb.

“Qafqazinfo” xəbər verir ki, İsrail Müdafiə Ordusu (IDF) zərbələrin təşkilatın hərbi potensialını bərpa etmək cəhdlərinə cavab olduğunu açıqlayıb.

İsrail tərəfinin məlumatına görə, məhv edilən obyektlərdə külli miqdarda silah-sursat, o cümlədən raketlər saxlanılırdı və bu düşərgələr İsrailə qarşı yeni terror aktlarının planlaşdırılması üçün istifadə olunurdu.

Ordunun rəsmi bəyanatında qeyd olunub ki, “Hizbullah”ın bu cür fəaliyyəti 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır. Rəsmi Təl-Əviv İsrail dövlətinə qarşı istənilən təhdidin qarşısını almaq üçün qətiyyətli addımlar atmağa davam edəcəyini vurğulayıb.

Livan mənbələrinin məlumatına görə isə son intensiv hava zərbələri nəticəsində bölgədə dinc sakinlər arasında da ölən və yaralananlar var.

Xatırladaq ki, son günlər Baalbek ətrafında gedən bombardmanlar bölgədəki humanitar vəziyyəti daha da ağırlaşdırıb.