Karakas sükuta oyandı... - Fotolar

karakas-sukuta-oyandi
Oxunma sayı: 5728

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını elan etməsindən sonra Venesuela xalqı dünənə qədər qeyri-mümkün görünən bir reallığa oyanıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxt Karakasda sakinlər günü şok və mümkün yeni hücumlardan doğan qorxu ilə qarşılayıb.

Şənbə səhəri xəbərin yayılması ilə bir çox vətəndaş baş verənlərə əvvəlcə şübhə ilə yanaşıb. Gecə yarısı eşidilən partlayış səslərini Yeni il atəşfəşanlığı zənn edən sakinlər əməliyyatın əsl miqyasını yalnız hökumətin açıqlamalarından sonra anlamağa başlayıblar.

Vitse-prezident Delsi Rodrigezin Maduronun harada olması ilə bağlı sübut tələb etməsi isə ilk saatlarda hökumət daxilində ciddi qeyri-müəyyənliyin hökm sürdüyünü göstərib.

Barıt qoxusunun hələ də hiss olunduğu Karakasda küçələr şənbə səhəri, demək olar ki, boş qalıb. Apteklər, supermarketlər və yanacaqdoldurma məntəqələri də daxil olmaqla, əksər müəssisələr bağlıdır. Açıq qalan azsaylı obyektlər isə təhlükəsizlik səbəbi ilə yalnız məhdud sayda müştəri qəbul edib.

Zəruri ehtiyaclarını qarşılamaq istəyən vətəndaşlar bağlı qapılar qarşısında uzun növbələr yaradıb.

Karakasın şərqindən olan bir sürücü şəhərdəki vəziyyəti “müharibə atmosferi” kimi təsvir edib:

“Sükut çox şey deyir. Hər şey nisbətən sakitdir, amma çatışmazlıq ola bilər. Heç kim bunu gözləmirdi, hazırlıqsız yaxalandıq”.

Şəhərdəki sükut hər yerdə eyni olmayıb. Müxalifətin nəzarətində olan bəzi ərazilərdə sakinlər hadisəni bayram ab-havasında qarşılayaraq balkonlardan musiqi səsləndiriblər. Digər bölgələrdə isə insanlar mümkün repressiya qorxusu ilə evlərindən çıxmaqdan çəkiniblər.

Bununla yanaşı, hökumətyönlü qruplar Miraflores Prezident Sarayının ətrafına toplaşaraq Maduroya dəstək şüarları səsləndiriblər.

Ölkə üzrə davam edən gərginlik ABŞ Prezidenti Donald Trampın son açıqlamaları ilə daha da dərinləşib. Trampın Venesuelanın keçid prosesi tamamlanana qədər ABŞ tərəfindən idarə olunacağına dair bəyanatları və yeni hərbi əməliyyat ehtimalını açıq saxlaması ictimai narahatlığı artırıb.