Karbohidrogen ehtiyatları azalır

karbohidrogen-ehtiyatlari-azalir
Oxunma sayı: 2740

Analitiklərin hesablamalarına görə, 2040-cı ildə qlobal enerji tələbatı ən azı 25% artacaq. Nəzərə alsaq ki, bu gün qlobal enerji istehlakının 84%-ni karbohidrogenlər qarşılayır, gələcəkdə bu ehtiyatların tükənmə ehtimalı dünya ölkələrini dərindən narahat edir.

Çünki enerji ölkələrin dayanıqlı iqtisadi inkişafının əsas predmetini təşkil edir. Ehtimal olunur ki, alternativ enerji mənbələri inkişaf etdirilməzsə, bəşəriyyət 200 ildən sonra karbohidrogensiz qala bilər. Belə ki, neft ehtiyatlarının 46-50 ilə, təbii qaz ehtiyatlarının 63-119 ilə, kömür ehtiyatlarının isə 119-176 ilə tükənəcəyi proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssislər ötən 20 ildə neft istehlakının artımını şərtləndirən ən böyük faktorlardan birini dünya əhalisinin kəskin artması ilə əlaqələndirirlər. Son 20 ildə dünya əhalisinin sayında 1,7 milyard nəfər artım qeydə alınıb. Əhali sayının artımı və dünya iqtisadiyyatının sürətli inkişafı, öz növbəsində, nəqliyyat vasitələrinin sayını əhəmiyyətli dərəcədə artırıb. Təkcə son 10 ildə qlobal avtomobil parkının sayı 500 milyon artıb.

AMEA-nın Neft və Qaz İnstitutunun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin rəhbəri Bünyad Kazımov “Qafqazinfo”ya bildirib ki, karbohidrogen ehtiyatları məhdud miqdara malikdir və onlar bərpa olunmayan ehtiyatlardır. O baxımdan, demək olar ki, bu ehtiyatlardan səmərəli istifadə həmişə gündəmdədir:

“Ölkələrin enerji təminatına olan ehtiyaclarını ödəmək və karbohidrogen ehtiyatlarından daha səmərəli istifadə etmək üçün alternativ enerji mənbələrindən istifadə olunmalıdır. Biz bilirik ki, karbohidrogen resurslarının mənimsənilməsi ekoloji cəhətdən də ətraf-mühitə zərər yetirən prosesdir.  Alternativ energetikadan istifadə olunması ilə cəmiyyət olaraq nisbətən təmiz enerji ehtiyacımızı ödəmiş oluruq”. 

B. Kazımov əlavə edib ki, əgər qlobal qayda tətbiq olunsa ki, istehsala yol verilməsin, onda bütün dünya alternativ enerji mənbələrinə müraciət edəcək: “Onda təbii ki, bizim ekologiyamız da təmizlənməyə doğru təşəkkül tapacaq. Azərbaycanda da bu məsələlərə xüsusi diqqət yetirilir, termal sulardan,  həmçinin külək, günəş enerjisindən istifadə olunur”. 

Artıq bəzi nüfuzlu nəşrlər, o cümlədən, “OilPrice” nəşri yaxın illərdə beynəlxalq neft şirkətlərinin ehtiyatlarının azalmağa doğru gedəcəyi təqdirdə, qlobal neft bazarlarındakı güc strukturunun böyük dəyişikliklərə məruz qala biləcəyini bəyan edib. Citibank-ın proqnozuna görə gələcəkdə Total, BP, Chevron, ENI, ConocoPhillips, ExxonMobil, Repsol, Equinor və Shell kimi transmilli neft şirkətlərinin neft/qaz ehtiyatları, habelə hasilatı əhəmiyyətli dərəcədə azalacaq. Neft nəhəngləri (ExxonMobil, BP, Shell, Chevron, Total və Eni) adlandırılan böyük şirkətlər qrupunun təsdiqlənmiş neft və qaz ehtiyatları azalan templə davam edir, çünki istismar olunan həcmlər tam olaraq yeni kəşflərlə əvəz olunmur. Belə ki, bu şirkətlərin əksəriyyəti son dövlərlərdə neft-qaz sahələrində axtarış və kəşfiyyat əməliyyatlarını azaldaraq, bunun yerinə enerji səmərəliliyi, habelə alternativ enerji layihələrinə investisiyaları artırır. Artıq bp 2050-ci ilə qədər karbon emissiyasını sıfra endirəcəyini hədəf olaraq götürdüyünü bəyan edib.

Artıq bir sıra transmilli neft şirkətləri maliyyə dayanıqlılığını gücləndirmək və gəlirlərini optimallaşdırmaq məqsədilə karbohidrogen mənbələrindən asılılığı azaldır və bərpa olunan enerji mənbələrinə investisiyalarını əhəmiyyətli dərəcədə artırır. ABŞ başda olmaqla, Avropa ölkələrində maliyyə quruluşları neft sahələrinə kredit ayırmaqda əvvəlki qədər istəkli deyil. Bu isə, öz növbəsində, ABŞ-da şist neft hasil edən bir çox şirkəti maliyyə böhranı ilə qarşı-qarşıya qoyub. Karbohidrogen resurslarından fərqli olaraq, hazırda enerji səmərəliliyi və alternativ enerji layihələrinə asanlıqla uzun müddətli kreditlər təmin etmək mümkündür.

Qeyd edək ki, karbohidrogenlər minilliklər ərzində bitki və heyvanların çürüməsi nəticəsində yerin dərinliyində əmələ gələn və qazma üsulu ilə səthə çıxarılan ehtiyatlardır. Xam neft, təbii qaz, kömür və digər vacib enerji mənbələrinin əsasını təşkil edən bu ehtiyatlar dünyanın enerji ehtiyacının böyük bir hissəsini təmin edir. Karbohidrogenlər olduqca yanıcıdır və yandırıldıqda karbon dioksid, su və istilik istehsal edirlər. Buna görə karbohidrogenlər bir yanacaq mənbəyi olaraq yüksək dərəcədə təsirlidir.

Karbohidrogenlərdən əldə edilən enerji texnoloji, sosial və iqtisadi inkişafın əsas lokomotivi olaraq dəyərləndirilir.