Cəmiyyət böyük bir orqanizmdir. İnsanların qorxuları, narahatlıqları, qəzəbləri, sevincləri, panikası və ümidləri bu orqanizmin damarlarında axır. Bu duyğuların hamısı bir nöqtədə xidmətin üzərində toplanır.
Polis yalnız cinayətlərlə, qayda pozuntuları ilə yox, cəmiyyətin emosional yükü ilə də mübarizə aparır. Buna görə psixologiyada polisin rolu çox zaman emosional filtr kimi izah edilir. Yəni cəmiyyətin içində yığılan emosiyalar polisin üzərindən keçərək neytrallaşır.
Psixoloji dildə emosional filtr hansısa bir şəxsin yığdığı mənfi hisslərin bir mexanizm tərəfindən udulması, emal olunması və cəmiyyətə zərər vermədən yönləndirilməsidir. Cəmiyyətdə bu filtr rolunu polis oynayır. Çünki insan qorxanda polis onları sakitləşdirir, insan aqressivləşəndə polis onları yönləndirir, insan xəta edəndə polis situasiyanı idarə edir, insan qaçanda polis qabağa gedir, insan qışqıranda polis susur və nəzarət edir. Sadalanan hər bir hal istisnasız olaraq polis davranışları ilə insanda olan emosional iqlimi, tarazlığı tənzimləyir.
Heç şübhəsiz ki, ictimai münasibətlər sistemində neqativ enerji, gərginlik ilk olaraq polisi tapır. Çünki polis küçədədir, mütləq ona rast gələcəkdir. Ona görə də polis ictimai tarazlığı qaydasında olmayan, yaxud ehtiyatsızlıqdan qayda pozan şəxsin narazılığının ilk ünvanıdır, panikanın ilk hədəfidir, qorxunun ilk istinad nöqtəsidir. Bir hadisə baş verəndə insanlar narahat olur, ehtiyat edir, həyəcan keçirir və bu emosiyaların ilk ünvanı polisdə görünür. Hər bir polis əməkdaşı çox vaxt insanlar tərəfindən “emosional baqaj” obyektinə çevrilir. Bu, peşənin ən çətin psixoloji tərəfidir.
Polis neqativ emosiyanı öz içində saxlayan peşə olduğuna görə başqa sahələrdən fərqlənir, stress fərdi olaraq yaşanır. Polisdə isə stress davamlı, kəskin, emosional yüklü olur. Bu səbəbdən polisin psixologiyasında çox güclü eqo-nəzarət, özünütənzim, emosiyaları sıxışdırma mexanizmləri formalaşır. Bir polis əməkdaşı bəzən qəzəbin, qorxunun, panikanın, ağrının, ümidsizliyin çətiri olur. Bu, psixoloji baxımdan çox ağır yükdür.
Polis emosiyanı tənzimləyən sosial mexanizmdir. İnsanlarda emosional yük təsəvvür etdiyimizdən daha böyük olur. Səbəblər fərqlidir. Yol qəzalarını, ailə münaqişələrini, cinayətləri, itkinləri, təcili halları hər insan sakit, təmkinli qarşılamır. Bu proseslərin hər birində polisin davranışı panikanı azalda da bilər, artıra da.
Ona görə polisin səsi, mimikası, hüzuru, qərar vermə tərzi, davranışı insanların psixoloji sabitliyinə birbaşa təsir edir. Yəni polisin psixoloji yükü yalnız şəxsi məsələ deyil, ictimai münasibətlərə təsir edən amildir.
Nəticə odur ki, polis insanlarda emosional sabitliyin görünməyən dayağıdır. Bir polis əməkdaşı yalnız təhlükəni yox, ona müraciət edən, yaxud qaydanı pozan insanın içindəki narahatlığı da idarə edir. Bu səbəbdən polis təkcə hüquq-mühafizə orqanı deyil, cəmiyyətin psixoloji tarazlıq mərkəzidir. Onlar cəmiyyətin emosional yükünü öz içindən keçirir, yuyur, yumşaldır, neytrallaşdırır. Buna görə polis həqiqi mənada “emosional filtr”dir.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər