“Kimin kişiliyi çatır buyursun...”

kimin-kisiliyi-catir-buyursun
Oxunma sayı: 1000

Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd apardıqları rejissorlara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç üfüqdə də görünmürdü.

Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını tuturdusa, bədbəxt almanların güllələri həmişə boşa çıxırdı. Ona görə yox ki, almanlar güllə atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar da, rejissorlar da bizimkilərin qohum-əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə bizimkilər idi. "Hollivud"un və "Mosfilm"in birgə istehsalı olan bu Kinoda ssenariçilər də, rejissorlar da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu Kinoda nemes biziydik.

Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan tutmuş Vurğun Vurmuş Cavanlar qızı zorlamaq istəmişdilər. Amma tir-tir titrəyən qızın insanın iliyinə işləyən yalvarışlı baxışları hələ insanlığını tam itirmədiyindən onun qanını dondurmuşdu. Yaralı ac qurdların əlinə düşmüş çarəsiz, ümidi Tanrıdan üzülmüş bu qızın zorlanmasına biganə qala bilməmişdi. Dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə də Vurğun Vurmuş Cavanlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən Vurğun Vurmuş Cavanları saxlamışdı:

- Dəyməyin!

Araya mübahisə düşmüşdü.

- Bəs onlar bizimkiləri zorlaya bilər?!

- Biz erməni deyilik!

Onu yaxşı tanımayanlardan biri:

- Ə, nə lotuluq eləyirsən?- deyib qızın üstünə yeriyəndə o, gülləni lüləyə verib bağırmışdı:

- Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik.

Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən çıxarılmış pal-paltarını avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə.

- Geyin! Sürük burdan!

Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığaz bayaqdan ayıb yerlərini örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən tərpənməmişdi.

- Sürük dedim sənə!

Qulaqlarına inanmayan qız ehmal-ehmal geri çəkilməyə başlamışdı və qorxa-qorxa soruşmuşdu:

- Qardaş, adın nədi?

- Sənin qardaşıyın... Sürük dedim.

- Sən Həzrət Abbas, adın nədi?

Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar.

Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi:

- Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi!
Sürük dedim, qəhbə!

Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı, heç dala da baxmamışdı.

Axşam Komandir erməni qızını buraxdığına görə onu danlayanda demişdi:

- Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm.