Kolumbiyada etiraz aksiyalarında ölənlərin sayı artdı

kolumbiyada-etiraz-aksiyalarinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 893

Kolumbiyada vergi islahatlarına qarşı 9 gün ərzində səngiməyən etiraz aksiyalarında həlak olanların sayı 26-ya yüksəlib.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Kolumbiya Ombudsman Aparatının məlumatına görə, 145 itkin düşmüş şəxsdən 55-i tapılıb. 90 nəfərin axtarışları davam edir.

Eyni zamanda, Kolumbiyanın əmək naziri Anxel Kustodio Kabrera hökumətin Milli Tətil Komitəsinin nümayəndələri ilə müəyyən edilmiş müddətə qədər dialoqa hazır olduğunu bildirib.

Kabreranın sözlərinə görə, Prezident İvan Duke ilə Milli Tətil Komitəsinin nümayəndələrinin mayın 10-na planlaşdırılmış görüşü yaxın vaxtlarda keçirilə bilər, hökumət buna hazırdır.

“Biz Milli Tətil Komitəsinin nümayəndələri ilə görüşməyə hazırıq. Amma çox vacib bir məsələni də qeyd etmək lazımdır: biz aksiyaların gedişində zorakılıq aktlarına son qoyulmasına çağırırıq”, - nazir bəyan edib.

Kolumbiyada vergi islahatına qarşı etiraz aksiyaları aprelin 28-də yerli icmaların, tələbə qruplarının və müxalifətin müxtəlif seqmentlərinin “milli tətilə” çağırmasından sonra başlayıb.

Kolumbiya Prezidenti İvan Duke mayın 2-də elan edib ki, hakimiyyət əhalidən əlavə vergilərin yığılması məqsədilə hazırlanmış vergi islahatı haqqında qanun layihəsini geri götürmək qərarına gəlib.

Ölkəni bürümüş etiraz aksiyaları zamanı onlarla bank, müəssisə və ictimai yer talan edilib, 900-dən çox insan yaralanb və 500-dən çox insan saxlanılıb.