“Kommunal xidmətlərin vahid informasiya sisteminin ilkin layihəsi hazırdır”

kommunal-xidmetlerin-vahid-informasiya-sisteminin-ilkin-layihesi-hazirdir
Oxunma sayı: 409

“Bizim təsərrüfat subyektlərində süni intellekt mövzusunda addımlar atılmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

“Azəristiliktəchizat”da rəqəmsallaşma istiqamətində planlar mövcuddur. Hazırda yüksəksəviyyəli nümayəndələr həm “Azəristiliktəchizat”la, həm də Energetika Nazirliyi ilə Avropada ezamiyyətdədirlər. 

Bununla yanaşı, SOCAR-da çox diqqətədəyər hadisələr baş verir. Bilirsiniz ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir. Yəni effektivliyin qarşılığında eyni zamanda kiberhücuma məruzqalma çağırışları ilə üz-üzə qalmış oluruq. SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhlükəsizlik əməliyyatları sistemi də qurulmaqdadır.

“Azərişıq”da təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışmaq istərdim. İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. 

Digər bir məsələ “Azərişıq” çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun ötəsində bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər”, - nazir müavini bildirib.

Nuranə Daxilqızı