“Ləng öpüşlər, sürətli ayrılıqlar...” - Salam Sarvan

leng-opusler-suretli-ayriliqlar-salam-sarvan
Oxunma sayı: 2999




“SEVGİ və ZAMAN”

Düşünürəm bir təqvimə
Baxıb ZAMAN barədə:
dünən vardın, bu gün getdin,
sabah gəlməyəcəksən.

Yəqin, duyuq salmamaqçun
məni öz varlığından
bundan sonra barmaqların
ucunda gəzəcəksən.

Bəlkə onda biləcəksən
hansı ayrılıq üzündən
səssiz yaşar balıqlar...

Bəlkə onda biləcəksən
SEVGİ yoxdu, ZAMAN var :
Sevgi nədi – ləng öpüşlər,
sürətli ayrılıqlar.

Yəni sevgi deyildin sən,
sən tarix idin axı:
saatin neçəliyiydin
sən axı bundan qabaq.

Ta beş gün, beş il, beş əsr
vaxtın ölçüsü deyil –
niyə bikef idin, qızım,
beş yuxu bundan qabaq

Səni axtarmaq əbəsdi
dünyadakı küçədə...
Zamanın harasındasan –
gündüzdəsən, gecədə?

Səndən sonra daş dövrüdü,
tunc dövrüdü, bilmirəm.
Bilmirəm ömür başıdı,
ya ölüm ayağıdı...

Daha adamlar içində
təklik deyil mənimki,
əsrlərin içindəki
heykəl tənhalığıdı.

Avqust, 2012