Malaxov verilişində Rusiyada ehtiyacı olanlara kömək edən azərbaycanlıdan danışdı - Fotolar + Video

malaxov-verilisinde-rusiyada-ehtiyaci-olanlara-komek-eden-azerbaycanlidan-danisdi
Oxunma sayı: 4687

“Rossiya 1” telekanalının efirində aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Pryamoy efir” verilişində koronavirus pandemiyası şəraitində ehtiyacı olan insanlara yardım edən 29 yaşlı Ulan-Ude sakini – azərbaycanlı Xalid Heydərov haqda süjet nümayiş etdirilib.  

“Qafqazinfo”nun məlumatına görə, X.Heydərov 8 ildir Ulan-Udedə kiçik meyvə mağazasının sahibidir. O, “Pryamoy efir”ə müsahibəsində deyib ki, maska və əlcək taxmaqla, eləcə də dezinfeksiya tədbirləri görməklə  bütün müəyyən edilmiş normalara riayət edir.

X.Heydərov koronavirus pandemiyası dövründə insanlara kömək etmək qərarına öz istəyi ilə gəlib. O, ərzaqları evlərə şəxsən özü daşıyır. Həmyerlimiz deyir ki, bəzən yaşlı insanlar onlara kömək edilməsinə inana bilmirlər: “Onlar elə sevinirlər ki, mənim isə ruhum isinir və bu, mənə puldan vacibdir”.

“Pryamoy efir” vasitəsilə tamaşaçılara müraciət edən X.Heydərov deyib ki, ehtiyacı olanlar pulsuz ərzaq almaq üçün özləri də onun mağazasına gələ bilərlər.

Qeyd edək ki, X.Heydərov Rusiyada keçirilən #МыВместе (Biz birlikdəyik –red.) xeyriyyə aksiyasının iştirakçısıdır. Gün ərzində o, 15-20 ehtiyacı olan insanın evinə getməyi çatdırır. O, həm yaşlı insanlara və çoxuşaqlı ailələrə, həm də həkimlərə kömək edir. X.Heydərov haqqında “Rossiya 24”ün xəbər buraxılışların birində də bəhs edilib.

X.Heydərov ehtiyacı olan insanların siyahısını əvvəlcədən hazırlayır və ərzaqları şəxsən özü onların evlərinə çatdırır.