Ailəsi ilə Şuşaya gedərkən qəzaya düşdü - 10 yaşlı qız öldü - Foto - Yenilənib

ailesi-ile-susaya-gederken-qezaya-dusdu
Oxunma sayı: 1444

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Oxu.az-ın məlumatına görə, Şuşadan olan keçmiş məcburi köçkün Ş.Həsənov ailəsi ilə birlikdə Şuşaya gedirmiş. O, sükan arxasında yuxulayıb və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 00:30 radələrində 3 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti ağır, 1992-ci il təvəllüdlü (qadın) şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 1967-ci il təvəllüdlü şəxsin (kişi) isə vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə ilə əlaqədar 2016-cı il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ziya Əmirxanlı