Məlum olduğu kimi iki həftə əvvəl Bakıda “Min bir gecə” istirahət mərkəzində baş verən qətl hadisəsi haqqında mətbuatda gedən yazıların ardı-arası kəsilmir.
“Qafqazinfo”nun xəbərinə görə, artıq hadisənin törətdiyi rezonans Azərbaycan sərhədlərini də aşaraq Rusiyada ciddi müzakirə olunur. Bu hadisənin sıradan bir mübahisə üstündə baş vermədiyi, ortada ciddi “razborka”nın olduğu haqda fikirlər səsləndirilir. Oxucular yəqin ki, bir neçə gün əvvəl “Qafqazinfo” portalında da bu istiqamətdə gedən iki yazını oxuyublar. Həmin yazılarda iki nüfuzlu avtoritetin, Rövşən Lənkəranski ilə Qocanın qarşı-qarşıya gəldiyi, “Min bir gecə”də baş verən qətlin də bu iki şəxsin “razborka”sının nəticəsi kimi ortaya çıxdığı qeyd olunurdu. Bu gün aldığımız maraqlı bir xəbər yazdıqlarımızın həqiqət olduğunu bir daha ortaya qoyur.
Belə ki, portalımızda sözügedən xəbərləri oxuyan bir nəfər redaksiyamızla əlaqə saxlayaraq bəzi məlumatları verib və yazılanlarda dəqiqləşmələr aparılmasını istəyib. Özünü oğru dünyasına yaxın şəxs kimi təqdim edən həmin adamın dedikləri isə əsl sensasiyadır. Biz həmin məlumatlardan bir hissəsini oxucuların da diqqətinə çatdırırıq.
Məlumata görə, həqiqətən də “Min bir gecə” əyləncə mərkəzində baş verən qətl hadisəsi oğru dünyasında baş verən “razborka”nın nəticəsidir. Lakin bu qətlin izi başqa bir qətlə aparıb çıxardır. Belə ki, bu ilin iyulun 1-də Rusiyada yaşayan və qanuni oğru Qocanın ən yaxın silahdaşlarından biri kimi tanınan məşhur azərbaycanlı killer Donqayev Abdul İzzət oğlu qətlə yetirilir. Onu qətlə yetirərkən tapançada olan 12 patronun hamısı bədəninə boşaldılır. Donqayevin qətli Rusiyadakı avtoritetlər arasında ciddi çaxnaşma yaradır və onun cənazəsi evlərinin olduğu Balakən rayonunun Bedağar kəndinə gətirilir. Məşhur killerin cənazəsi Azərbaycana onlarla avtoritetin müşayiəti altında gətirilir.
Donqayevi doğulduğu Balakənin Tülü kəndinə dəfn edirlər.
Dəfndən sonra Rusiyaya qayıdan avtoritetlər bu günlərdə, konkret olaraq avqustun 13-də Donqayevin 40 mərasimində iştirak etmək üçün yenidən Azərbaycana gələcəklər. Bu dəfə yüzdən artıq nüfuzlu qanuni oğrunun mərasimdə iştirak edəcəyi gözlənilir. Hətta 40 mərasiminin “Təzə pir” məscidində də verilə biləcəyi söylənir.
Lakin avtoritetlərin Azərbaycana gəlişi təkcə 40 mərasimi ilə bağlı deyil, burada mühüm qərarlar veriləcək və “razbroka”lar aparılacaq. Belə ki, Donqayevin və “Min bir gecə”də Ramal Bayramovun qətli ilə bağlı avtoritetlərin mühüm qərarlar qəbul edəcəyi gözlənilir.
Görünən odur ki, Qoca ilə Rövşən Lənkəranski arasında gərginlik pik həddə çatıb. Bu gərginliyin nəticəsi kimi artıq ciddi qətl hadisələri də baş verir. Bu iki qanuni oğru faktiki olaraq ölüm-dirim mübarizəsinə qoşulublar. Lakin maraqlıdır ki, onların arasında münasibətlərin bu şəkildə kəskinləşməsinə səbəb nə olub? Bu istiqamətdə materialları əldə etdikcə oxuculara çatdıracağıq.
Bu arada “Qafqazinfo”ya Rövşən Lənkəranskinin Ukraynada keçirilən məhkəmə prosesinin videosu və ona həsr olunan meyxana da göndərilib. Həmin materialı da oxuculara təqdim edirik.
Son xəbərlər
Son Xəbərlər